“Tələbədən soruşdum ki, “TEKNOFEST”i niyə keçiririk?” - Selçuk Bayraktar

telebeden-sorusdum-ki-teknofesti-niye-keciririk
Oxunma sayı: 8371

““TEKNOFEST” müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı rəhbər tutan bir ruhdur. Bu ruh ölkələrimizi tam müstəqil və firavan edəcək, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub dirçəldəcək yüksək texnologiyaları bütün cəmiyyətlə birlikdə inkişaf etdirmək səfərbərliyidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı söyləyib.

Selçuk Bayraktar deyib: “Mənə dünən ilk dəfə görməyin nəsib olduğu işğaldan azad edilmiş qədim şəhərimiz Şuşada, Cıdır düzündə, o geniş düzdə azad şəkildə gəzərkən bu ruhu daha da dərindən hiss etdim. “TEKNOFEST”i niyə keçiririk?” deyə soruşduğum universitet tələbəsi gənc bir qız bu ruhu belə ifadə edərək dedi: “Dünya Türkün gücünü görsün, yerini bilsin”. Biz də bu yola bu amalla çıxmışıq, “TEKNOFEST”in şüarının artıq düşüncələrdə yer aldığını görürük”.

O qeyd edib ki, bundan sonra üzərimizə düşən vəzifə türk nəsillərinin yolunu açmaq üçün dayanmadan çalışmaqdır: “İnanıram ki, bu yarışlardan çıxacaq gənc qardaşlarım bu ruhdan aldıqları ilhamla irəliləyəcək və tam müstəqillik mübarizəsində ən öndə olacaqlar”.