Tələbələr arasında informatika üzrə olimpiadaya start verildi

telebeler-arasinda-informatika-uzre-olimpiadaya-start-verildi
Oxunma sayı: 709

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” artıq 13-cü ildir ki, keçirilməkdədir. Sözügedən Olimpiada 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunur.

Olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın “www.olimpiada.az” saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilir. Hər bir komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılır.

“Qafqazinfo” xəbər verir ki, Bakı Mühəndislik Universitetində keçirilən Olimpiadanın açılış mərasimində təşkilatçı qurumların nümayəndələri iştirak edib.

BMU-nun rektoru, professor Havar Məmmədov təşkil olunan olimpiadanın universitetlərə və iştirakçı tələbələrə faydalarını qeyd edib. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə ötən 12 ildə hər il orta hesabla 15 - 20 ali təhsil müəssisəsindən 40 - 50 komandanın (160 - 200 iştirakçı) olimpiadanın birinci mərhələsinə qoşulduğunu qeyd edib. Bu il isə respublika üzrə 24 ali təhsil müəssisəsindən 69 komanda qeydiyyatdan keçib və olimpiadada iştirak hüququ qazanıb.

Qeyd edək ki, olimpiada beynəlxalq “ACM ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək.

Qaliblər (I-IV yerlər) “Azercell” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaq. 

Olimpiadanın növbəti (final) mərhələsi mayın 4-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.