Dövlət İdarəçilik Akademiyası Hüquq Klubunun dəvəti ilə baş tutan görüşdə Anar Bağırov tələbələrə əsasən Azərbaycanda mövcud olan vəkillik institundan, ümumi vəkillik fəaliyyətindən və öz vəkillik təcrübəsində olmuş maraqlı məqamlardan danışıb. Vəkil peşəsinin şərəfli peşə olduğunu tələbələrin nəzərinə çatdıran A.Bağırov, bu sənətin perspektivlərini tələbələr üçün aydınlaşdırıb. Eyni zamanda ölkədə davam etdirilən məhkəmə hüquq islahatlarını yüksək qiymətləndirən Anar Bağırov, son zamanlar qanunvericilikdəki mütərəqqi dəyişikləri yüksək dərəcədə təqdir etdiyini sözlərinə əlavə edib.
Ödənişsiz hüquqi yardım məsələsini qeyd edən hüquqşünas, bu sferada olan bəzi problemlərdən, əngəllərdən danışıb. Lakin, bu əngəlləri aradan qaldırmaq üçün ölkənin bir sıra tanınmış hüquqşünaslardan təşkil olunmuş işçi qrupunun yaradıldığını və onlar tərəfindən “Ödənişsiz hüquqi yardım”-la bağlı konsepsiya sənədinin və qanun layihəsinin hazırlanıb hökümətə təqdim edildiyini tələbələrin nəzərinə çatdırıb.
Anar Bağırov, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai birliyi tərəfindən nəşr edilən Azərbaycanda vəkillik sahəsində ilk olan “Azərbaycan Vəkili” jurnalının , vəkilliklə bağlı ilk dərslik olan “Vəkillik hüququ” kitabının, "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya və Avropa vəkillərinin davranış Kodeksi"nin kommentariyaları kitabçasının və s. nəşrlərin Azərbaycanda aparılan hüquq islahatlarına bir töhfə olduğunu bildirib.
Daha sonra görüş interaktiv qaydada davam etdirilib. Müxtəlif mövzularla bağlı uzun və maraqlı müzakirələr aparılıb. Vəkilliklə və s. mövzularla bağlı tələbələrə qaranlıq qalan məqamlara A.Bağırov aydınlıq gətirib. Yuxarıda sadalanan nəşrlər Akademiyanın kitabxana fonduna hədiyyə olunub.