"Qafqazinfo"ya Təhsil Nazirliyindən daxil olan məlumata görə, sərgidə işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradılıb.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva, “Britiş Amerikan Tobakko” şirkətinin baş meneceri Zviad Şvitaridze, həmçinin 20-ə yaxın ali təhsil müəssisəsi rəhbərləri iştirak ediblər.
Sərginin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov məzunların işədüzəlmə imkanlarının artmasında mütəmadi olaraq keçirilən əmək yarmarkalarının böyük rolu olduğunu vurğulayıb. Nazir bildirib ki, əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir.
Mikayıl Cabbarov bu əmək yarmarkasının əvvəlkilərdən fərqli qaydada təşkil olunduğunu qeyd edib. Belə ki, tədbirdən əvvəl işəgötürənlərlə tələbələr arasında əlaqə yaradılıb, şirkətlər namizədlər haqqında ətraflı məlumatlandırılıb və tədbir günü üçün müvafiq şirkət nümayəndələri ilə görüşlər təyin olunub. İlk dəfə yaradılan bu imkanlardan bəhrələnmək üçün ölkəmizin bütün bölgələrindən 2700-dən çox tələbə xüsusi proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçiblər.
Tələbələrin əmək yarmarkasında ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq beynəlxalq və yerli şirkət iştirak edib. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılıblar.
Son xəbərlər
Son Xəbərlər