Tələbələrin marşrut problemi ilə bağlı açıqlama - Yenilənib

telebelerin-marsrut-problemi-ile-bagli-aciqlama
Oxunma sayı: 3284

Sosial şəbəkələrdə Bakı Mühəndislik Universitetinin bir qrup tələbəsi marşrutla bağlı problem yaşadıqlarını bildiriblər.

Belə ki, onlar universitetin qarşısındakı dayanacağın yığışdırılacağını qeyd ediblər. Tələbələrin sözlərinə görə, bu günə kimi universitetin qarşısından cəmi 2 avtobus keçirdi, lakin bundan sonra ünvana çatmaq üçün uzun məsafəni piyada qət etməli olacaqlar. Onlar magistral yolun kənarı ilə piyada getməyin çox böyük təhlükə olduğunu, həmçinin tələbə olduqlarından hər dəfə taksi xidmətindən yararlana bilməyəcəklərini vurğulayıblar.

“Qafqazinfo” məsələ ilə bağlı BMU-nun Mətbuat xidməti ilə əlaqə saxlayıb. Ali təhsil müəssisəsindən bildirilib ki, problem qısa zamanda həllini tapacaq:

“Bu, şirkətlə bağlı problemdir. Biz də universitet olaraq şirkətə müraciət etmişik və problemin qısa zaman kəsiyində aradan qaldırılmasına çalışırıq”.

***

Məsələ ilə bağlı “Xaliq Faiqoğlu” şirkəti də açıqlama yayıb: “Şirkətin istismarında olan 135 və 199 saylı marşrut xətlərinin son dayanacaq məntəqəsi Bakı Mühəndislik Universitetinin qarşısında yerləşir və avtobuslar adi qaydada işlərini davam etdirir. Belə ki, geridə qalan müddət ərzində şirkət tərəfindən ərazidəki dayanacaq abadlaşdırılıb, asfalt örtüyü çəkilib, sürücülərin istirahəti üçün şərait yaradılıb. Bu günlərdə universitetin önündəki dayanacağın kommunal təchizatı ilə bağlı kiçik anlaşılmazlıq baş verib. Lakin bu hal marşrut xətlərinin fəaliyyətinə təsir göstərməyib”.

Səidə Nurəmmədli