“Telefonum mesajlardan partlayırdı” - Dmitri Nazarov

telefonum-mesajlardan-partlayirdi
Oxunma sayı: 633

“Almaniya millisinə qol vurmaq adama dəli bir sevinc bəxş edir. Bunu sözlə ifadə etmək çətindir. Sən qat-qat zəif komandanın heyətində dünya çempionlarına qarşı meydana çıxırsan və fərqlənirsən. Oyundan sonra təbrik mesajlarından telefonum partlayırdı. Mükəmməl hiss idi”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniya mətbuatıa açıqlamasında bildirib.

Yarımmüdafiəçi Almaniyaya Tofiq Bəhramov adına Respublika stadionunda 1:4 hesabı ilə uduzduğumuz rəsmi oyunda vurduğu qolun əhəmiyyətindən danışıb. Nazarov həmçinin millimizin DÇ-2018-ə yollanmaq üçün şanslarından danışıb: "Biz həmin mundiala vəsiqə qazana bilərik. Bunun üçün hər şeyimiz var. FİFA reytinqində 89-cu pilləyə qədər irəliləyə bildik. Almaniya ilə matçda da pis təsir bağışlamadıq. Bərabərlik qolunu vurduqdan sonra daha inamlı oynasaydıq, bəlkə də fərqli nəticədən danışa bilərdik. Robert Prosineçkinin gəlişindən sonra komandamız irəlidə oynamağı daha çox sevir. Hücum üçün yollar axtarırıq. Baxımlı oyun göstərməklə nəticə əldə edə bilərdik. Topla elə də az oynamırdıq. Lakin dünya çempionuna qarşı nə bacarsaq, onu edə bilərik”.

Dmitri rəqibin hər səhvi cəzalandıra biləcək gücdə olmasını dilə gətirib: “Elə bir rəqiblər oynayırdıq ki, hər xırda səhvdən qol vura bilərdilər. Bunu da gördük. Fasiləyə heç-heçə ilə yollana bilsəydik, yaxşı olardı. Əslində bunu etmək üçün imkan da var idi. Bu oyunlarda daha çox təcrübə toplamaq lazım idi. Hər halda yaxşı oldu. Azərbaycan millisi doğru yoldadır. Bu səbəbdən mundiala gedə bilərik”.

Xatırladaq ki, Almaniyanın II Bundesliqa təmsilçisi "Aue"də oynayan Nazarov almanlarla qarşılaşmada 31-ci dəqiqədə hesabı 1:1 edib.