Telefonunu narkotacirə verdi, polisə oğurlandığını dedi

Telefonunu narkotacirə verdi, polisə oğurlandığını dedi
Oxunma sayı: 2275

Lənkəranda narkotik almaq üçün telefonunu narkotacirə verən şəxs sonradan polisə zəng edərək telefonunun oğurlandığını deyib.

“Qafqazinfo”nun məlumatına görə, rayon sakini Ramin Babayev “102”-ə zəng edərək gecə saatlarında Lənkəranda tanımadığı 3 şəxsin onu bıçaqla hədələyərək mobil telefonunu aldıqdan sonra oradan uzaqlaşdıqlarını bildirib. Məlumat əsasında Lənkəran Şəhər RPŞ əməkdaşları həmin şəxsin quldurluq barədə polisə bilərəkdən yalan məlumat verdiyini müəyyən edib. Belə ki, araşdırmalarla məlum olub ki, həmin şəxs telefonunu narkotik vasitə əldə etmək üçün Lənkəran sakini Bəhruz Hüseynzadəyə verib.

Polis tərəfindən narkotik alverində şübhəli bilinən B.Hüseynzadə və qardaşı İ.Hüseynzadə saxlanılıblar. Onların üzərindən heroin aşkarlanıb. Bundan başqa B.Hüseynzadənin yaşadığı evdə onun R.Babayevdən narkotik qarşılığında aldığı mobil telefon, 585 qram heroin, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 2 ədəd patron, əlavə olaraq 3 ədəd 7.62 kalibrli patron və 1 ədəd soyuq silah hesab edilən bıçaq və aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.