Televiziyalardakı cin rüsvayçılığının qarşısı niyə alınmır?

televiziyalardaki-cin-rusvayciliginin-qarsisi-niye-alinmir-
Oxunma sayı: 8160


Doxsanıncı illərin əvvəllərində yaranan və əsasən xəbərçilik missiyasını üzərinə götürən Azərbaycan televiziyaları son 7-8 ildə tədricən informasiya yükündən xilas olandan sonra yaşamaq, gündəmdə qalmaq, varlıqlarını sübut etmək üçün “loru dildə” ifadə desək min hoqqadan çıxırlar. Bu proses demək olar ki, aşağı-yuxarı bütün televiziyalarda bir-birinin ardınca start götürən “Ulduz” yarışmaları ilə başlayıb. Bir neçə il “Yeni ulduz”, “AzəriStar”, “Ən yeni ulduz” tipli verilişləri ana xəbər kimi gündəmə gətirdilər. Səhnənin, sənətin əhəmiyyətini aşağı saldılar, sübut etdilər ki, məşhur olmaq, sevilmək üçün illərlə hansısa akademiya təpik döymək lazım deyil... Bir tərəfdən də camaatın telefonunda “vızıvlıq” saxladığı SMSi diləndilər. 

Hələ üstündən dörd-beş il keçməsinə baxmayaraq, indiyə kimi insanlar həmin adamların məsələn, “Zərdabdan səs istəyirəm” tipli dilənçiliyini unutmayıb. Deyilənə görə belə düşük hərəkətləri hələ də bəzi TV-lər davam etdirməkdədirlər. Mənim xəbərim yoxdur. Açığı mən uzun illərdir bu TV-ləri tokdan ayırmışam. Yeri gəlmişkən, elə onların, bu iyrənc verilişlərin ucbatındandır ki, Azərbaycanda əhalinin demək olar ki, tam əksəriyyəti sputniklə Türkiyə kanallarına baxır. 

Həmin əttökən verilişlərin seriyasını ayrı-ayrılıqda xatırlatmaq istəmirəm. Hər kəs belə verilişləri yaxşı tanıyır. Bunlar müğənnilərin evlərindən hazırlanan, onların mətbəxini, maşınını göstərən, nə bilim dedi-qodu, avaraxana, küçə səviyyəsindən uzağa getməyən proqramlar olub. Mən belə verilişlərin azarkeşi olmadığım üçün adlarını və hansı televiziyalarda göstərildiyini ardıcıllılqa yaza bilmirəm. Ancaq fərqi yoxdur. Demək olar ki, Azərbaycanın bütün televiziyaları ANS başda olmaqla bu oyundan çıxır. Qeyd etdiyim kimi bu proses müxtəlif formalarda meyxana yarışmaları ilə yeni ulduz ixtiraları ilə davam edərək, bir müddət efirdə ərə getmə, evləndirmə mərhələlərini də yaşayıb. Son olaraq isə hələlik onların estafetini “Səni axtarıram” götürüb. 

Lakin görünür “Səni axtarıram” da yaxın günlərdə arxivə keçəcək. Çünki son günlər bir-birinin ardınca Azərbaycan efirlərini gəzən “Cin çıxarma” əməliyyatları başlayıb. 

Mən bu cin əhvalatına keçməzdən qabaq bir məqamı vurğulamaq istəyirəm. Sadəcə həmin verilişlərin azarkeşlərindən soruşmaq istəyirəm. Ay camaat, hanı o efirlərdə ərə verilən, evləndirilən xoşbəxt ailələr? Hanı o efirlərdə Aybəniz Haşımovanın ulduz elədiyi müğənnilər? Niyə Azərbaycan mədəniyyətinə xidmət etmirlər onlar? Hanı o camaatdan səs istəyən arvadlar, kişilər? Niyə indi bir problemə görə səslərini çıxarmırlar? Hara soxubsuz onları? Hanı efirlərdə maşın-maşının dalınca bağışlanan Namiq Məna?.. Məsələni çox uzatmadan qayıdaq son günlər TV-lərdə çıxardılan bu cin hoqqalarına. Adam sadəcə bir məsələyə təəccüb edir. Bu ölkənin insanı əlində İ-Phone tutub ona necə cinçıxartma videosunu yükləyə bilər axı? Bu inkişafla tərsmütənasiblik axırda bizim üzümüzdən planet toqquşması zadı yaradacaq, bəşəriyyəti zibilə salacağıq. 

Son günlər efirlərdə yaşanan və mənim daha çox saytlardan izlədiyim bu televiziya verilişlərinə baxdıqca sadəcə nitqim quruyur. Azərbaycanda televiziyaların belə səviyyəsiz proqramlar yayması ilə bağlı məsələ demək olar ki, illərdir müzakirə olunur. Hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səviyyəsində də məsələyə dəfələrlə sərt reaksiyalar verilib, dövlət qəzetlərində yazılar yazılıb. Bir neçə TV-nin rəhbərliyi də dəyişdirilib. Lakin efirdə həmin düşük hərəkətləri edənləri uzaqlaşdırmaq, belə bayağı əməllərdən hərəkətlərdən aralaşdırmaq mümkün olmayıb. Təsəvvür edin ki, o boyda televiziyaların rəhbərliklərini dəyişmək mümkün olub, ancaq bu düşük verilişləri aparanları, onları bəzəyənləri, həmin verilişləri sıradan çıxarmaq mümkün olmayıb. Onlar yenə də verilişdən verilişə hoppanıblar, öz yaradıcılıqlarını davam etdirirlər. 

İndi də hər gün bir televiziya gedib kənddən-kəsəkdən mağmun bir ailə tapıb başlayırlar onların “içinə girən cin”i çıxartmağa. Və bu günlərlə TV-lərdə reklam olunur, bu iyrənclik, namussuzluq hər gün millətə göstərilir. Dəhşətli burasıdır ki, indi bir də gördun camaat xəstəsini müalicə elətdirmək üçün həkimə yox, cin çıxardanların yanına üz tutdu. Onda neyləyəycəyik? Əgər biz özümüzü cin çıxardana etibar ediriksə, bəs onda ötən həftə Bakının mərkəzində açılan xəstəxanya nə ehtiyac var idi? Elə Cinçıxarma Mərkəzi açaydı də dövlət... 

Əziz dostlar, televiziyaların təbliğat məsələsində böyük rolu var. Demək olar ki, hələ də TV-ləri təbliğatda üstələyən heç bir vasitə yoxdur. Camaat televiziyalara Məhəmmməd Peyğəmbərdən çox inanır... Sizə maraqlı bir məqamı deyim. Bir neçə il əvvəl Lider TV-də sözügedən tipdə verilişlərdən biri yayımlanırdı. Bu falçılar, öncəgörənlər meydan sulayırdılar. Deyilənə görə ölkənin, hətta məmur elitası öz problemlərini həll etmək üçün axışırmışlar o falçıların yanına. Həmin vaxt iqtisad elmləri doktoru olan bir əmim arvadından mənə zəng gəldi. Əmim arvadı dedi ki, sənə mühüm bir işim düşüb. Ondan nə məsələ olduğunu soruşdum. Mənə dedi ki, Liderdəki falçıların verilişini aparan Zabirin, ya da oradakı falçılardan birinin telefonu lazımdır. Əmim arvadının yüksək intellektli, ərinin professor olduğunu, oğlunun Amerikada təhsil aldığını nəzərə alıb telefon nömrəsini ayrı məqsədlə axtardığını düşündüm. Elə - belə maraq üçün axtarışın səbəbini soruşdum. Cavabın şokundan üç ildir çıxa bilmirəm. Professor qayıtdı ki, bəs gəlinlərdən birinin uşağı olmur, onun yanına aparmaq istəyirik? 

Sözümün canı odur ki, bu TV təbliğatı ciddi məsələdir və fakt göz qabağındadır ki, o boyda professoru Zabirin, İlham Mirzəyevin dalına salıb. 

Bir neçə ay öncə dəyərli dostum və həmkarım Qabil Abbasoğlu “Uçan ələm” adlı bir yazı yazaraq ölkədəki xurafatı pisləmiş, belə adətlərin XXI əsrdə bir sivil İslam dövlətinə başucalığı gətirmədiyini bildirmişdi. Jurnalist dindarlara xitab edərək məsələdən çozüm istəmişdi. O vaxt da İlqar İbrahimoğlu və digər dostlar Qabilin yazısını ayrı səmtə yozub məsələnin mahiyyətindən yayındırdılar. 

İndi də TV-lərdə günlərdir tüğyan edən, “Uçan ələm”lərin belinə oturaraq efirə gəlib çıxan bu cinçıxardanlar meydan sulamaqdadırlar. Həzarat, ərəbin çölündən dilbər Azərbaycana soxulan xəvariciliyə, vəhhabiliyə, nə bilim min cür təriqətə səbəb olan bilirsiz nədir? Bax, bizim bu gun efirdən cin çıxarmaq üçün istifadə etməyimiz? Bu gün siz bilirsiz ki, Azərbaycanın xüsusi xidmət orqanları işini-gücünü buraxıb ancaq dindar ovlamaqla məşğuldur? Yaxşı bu ov mövsümü nə vaxta kimi davam edəcək? Neynəyəcəyik yolundan dönən, əqidəsi dəyişdirilmiş bu qədər insanı biz? Azərbaycanın sanki, dini işğalla üz-üzə qaldığı bir vaxtda efirdə də cin cıxardarlar, Mirşahin bəy? Ölkənin bir tərəfi daşınaraq Kərbalaya aparılıb kəbleyiyə çevrilir, bir tərəfini isə “Cənnət” sözü verib Suriyaya aparırlar. Artıq son ayda neçənci azərbaycanlının Suriyada qətlə yetirildiyi haqda xəbər yaymışıq. Siz də hər gün camaatın içindəki cini çıxardırsız... 

Azərbaycan kiçik ölkə olduğu üçün bu cür neqa(TİV)lərin qarşısının inzibati yollarla alınması mümkündür. Zəhmət çəkib bu dövlətin başbilənləri Azərbaycanın fundamental əsaslarını baltalayan bu cinləri, onların qohum əqrabalarını efirlərdən yığışdırsınlar. Yoxsa axırda “Qərib cinlər diyarı”na düşüb “Qərib bizə çörək ver” deyə-deyə dövlət dilənəcəyik...

Elbrus Ərud