Telman İsmayılovun restoranında azərbaycanlılar atəş açdı

telman-ismayilovun-restoraninda-azerbaycanlilar-ates-acdi
Oxunma sayı: 635

Rusiya paytaxtında Azərbaycan vətəndaşı hərəkətdə olan gəlin kortejindən havaya atəş açıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxt polisi travmatik silahdan atəş açan azərbaycanlını saxlayıb.

Dünən silah səsləri saat 16:00 radələrində Moskvanın Akademik Anoxin küçəsində eşidilib. Gəlin kortejində olan avtomobillərin birindən havaya travmatik silahla atəş açılıb. Hadisə şahidləri və yerli sakinlər polisə bu barədə məlumat veriblər. Polis hadisə yerində 5 ədəd giliz aşkarlayıb.

Hadisəni törədən şəxs toy mərasiminin keçirildiyi “Safisa” şadlıq sarayında saxlanılıb. Saxlanılan şəxsin 1994-cü il təvəllüdlü Seymur Nəbizadə olduğu bildirilib. Onun üzərindən “Makarov” markalı travmatik tapança aşkarlanaraq götürülüb.

Qeyd edək ki, azərbaycanlı milyarder Telman İsmayılova məxsus olan “Safisa” şadlıq sarayında keçirilən toy mərasimi də azərbaycanlıların olub. Şəmkir rayonundan olan sakinlərin toy mərasimində baş verən insident polis tərəfindən araşdırılır.

Bir müddət əvvəl də Moskvanın mərkəzində belə bir hadisə olub. Dağıstan sakinləri paytaxtın “Tver” küçəsində gəlin kortejindən havaya silahla atəş açıblar. İctimaiyyətin böyük qınağına səbəb olan bu hadisə Rusiya mətbuatı tərəfindən uzun müddət işıqlandırılıb. Hadisəni törədənlərə pul cəzası və bir neçə sutkalıq inzibati həbs verilib.