Yanvarın 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, təməlqoyma mərasimində təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək son illər ərzində peşə təhsilinin inkişafına yönəlmiş islahatlar, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib. Ölkə başçısı tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin həyata keçiriləcək layihələr baxımından əhəmiyyətini bildirən Ceyhun Bayramov əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, layihəyə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin bazasında mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə (ümumilikdə 8 ixtisas) ən müasir maddi-texniki baza, Koreyanın tədris planı və bu ölkənin mütəxəssislərinin iştirakı ilə təhsil müəssisəsinin yaradılması nəzərdə tutulur.

Son xəbərlər
Son Xəbərlər