Temperatur gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq

temperatur-gece-saatlarinda-0-dereceye-yaxinlasacaq
Oxunma sayı: 1939

“Bu gün gün ərzində ölkə ərazisindən Aralıq dənizi siklonunun keçməsi nəticəsində Respublikanın əksər rayonlarında yağıntı müşahidə olunur. Saat 12-yə olan məlumata görə, gecə saatlarından yağan qar Respublikanın dağlıq və dağətəyi rayonlarında qar örtüyünün əmələ gəlməsinə səbəb olub”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Millli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ən yüksək qar örtüyü Qax rayonunun dağlıq ərazilərində müşahidə edilib. Bu rayonda qarın hündürlüyü 40 sm-dən artıq olub. 

Digər rayonlarda, o cümlədən, Şəki, Gədəbəy, Göygöl, Daşkəsən, Oğuz, Quba, Qusar və digər ərazilərdə qar örtüyünün hündürlüyü 2-15 sm olub. 

U. Tağıyeva həmçinin əlavə edib ki, bu gün gün ərzində əksər rayonlarda yağıntılar davam edəcək. Axşama doğru, ayın 20-də Respublikanın Aran rayonlarında yağışın sulu qara və qara keçəcəyi proqnozlaşdırılır.

“Bakıda və Abşeron yarımadasında yanvarın 20-də sulu qarın qarla qarışıq yağması gözlənilir. Havanın temperaturu gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq. Yanvarın 20-dən 21-nə keçən gecə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0-2 dərəcə olacağı proqnozlaşdırılır”.

Gülnar Əliyeva