“Temperatur normadan 7-8 dərəcə yüksəkdir”

temperatur-normadan-7-8-derece-yuksekdir
Oxunma sayı: 1657

“Bu il Azərbaycanda kəskin istilər daha tez müşahidə olunur. İyun ayının ilk günlərindən anomal isti hava şəraiti fonunda son illərin maksimal temperatur göstəriciləri yenilənir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva  deyib. O xatırladıb ki, keçən ilin iyun ayı ilə müqayisədə bu fərq 5-7, bəzi günlərdə hətta 10 dərəcə təşkil edir:

“Son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb. Bakıda 37, Abşeron yarımdasında 39,6, aran rayonlarında isə 40-42 dərəcə isti, bu da iqlim normasından 7-8 dərəcə yüksəkdir. Belə temperatur rejimi Azərbaycanda iyul ayının ikinci yarısı, avqust ayı üçün daha çox səciyyəvidir”.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir: “Bu artım, təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir. Anomal isti günlərin həm sayı, həm də davamiyyəti artır.  

Gözlənilən istilər haqqında qabaqcadan xəbərdar olub, əhalini anomal isti günlərdə öz səhhətlərinə daha diqqətli olmağa çağırırıq.  Xanımlar uşaqları günəşdən qorusunlar, yaşlı insanların günəşin altında olmaları məsləhət deyil.  

Bakı-Abşeronu kəskin istilərdən “xilas” edən arabir güclənən şimal küləyi ayın 26-27-də temperaturun 2-3 dərəcə aşağı enməsinə səbəb olacaq. Növbəti isti günlər isə ayın 28-29-da gözlənilir. İyun ayının 30-dan başlayaraq yenidən şimal küləyi güclənəcək və ilkin proqnoza görə, iyul ayının ilk günləri nisbətən sərin keçəcək”.