Fevralın 25-də Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədov 60 illik yubileyini qeyd edib.
“Qafqazinfo” xəbər verir ki, Belediyye.info onunla bağlı məqalə hazırlayıb:
“I Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədov 25 fevral 1964-cü ildə Qərbi Azərbaycanın Uluxanlı rayonunun Yuxarı Necili kəndində anadan olub. 1981-ci ildə orta məktəbi Bakı şəhərinin Bakıxanov qəsəbəsindəki 96 saylı məktəbdə btirərək hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vuran Sahil Məmmədov 1983-cü il SSRİ DİN-nin Ali Siyasi Məktəbinə daxil olur. 1987-ci ildən Ukraynada xidmətə başlayır. 1992-ci ildə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar siyasətinə qarşı biganə qala bilmir və Azərbaycana qayıdaraq hərbi polis alayında rota komandiri kimi xidmətə başlayır.
Sahil Məmmədovun rəhbərlik etdiyi bölük Birinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndlərində düşmən təxribatlarının qarşısının alınmasında fəal iştirak edir. Qazançı kəndinə ermənilərin hücumu zamanı Sahil Məmmədov və onun tabeliyindəki əsgərlər şücaət göstərmişdilər. Erməni silahlı dəstələrinin intensiv raket və top atəşi ilə müşayiət olunan döyüşlər zamanı Sahil Məmmədovun yanında mərmi partlamış və o, sağ qolundan və sağ ayağından ağır yaralanmışdır.
Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Məmmədov Sahil Ələmdar oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Müharibə əlili kimi hərbi hissədən tərxis olunduqdan sonra, 1994-cü ildən Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat idarəsində məsul vəzifələrdə çalışmışdır. Hazırda təqaüddədir.
Beləliklə, 25 fevralda Milli Qəhrəmanımızın 60 yaşı tamam olub. İlk dəfədir ki polkovnik-leytenant ad gününü ərazi bütovlüyümüzün tam şəkildə bərpa edildiyi bir vaxtda ürəkaçıqlığı ilə qeyd edir”.
Xəbəri rus dilində oxuyun: В Баку врач вместе с любовницей избил жену
Qeyd edək ki, bu münasibətlə Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Milli Qəhrəman Sahil Məmmədovla görüşərək onu təbrik edib. Görüşdə Milli Qəhrəmanın döyüş yoluna toxunan sədr ona sağlıqlı illərlə xalqımızın xidmətində bundan sonra da fəxr və qürur hissi ilə dayanmağı arzulayıb.