Bütün dünyanın diqqəti Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə yönəlib. 16 gündür ki, ərazisinə görə dünyanın ən böyük ölkəsi olan Rusiya Ukraynanın müqavimətini qıra bilmir, əksinə bir sıra uğursuzluqlarla yadda qalır. Bu azmış kimi, Qərbin tətbiq etdiyi sanksiyalar da şimal qonşumuzu olduqca çətin vəziyyətə salıb.
Müharibənin hansı nəticə ilə yekunlaşacağını indidən proqnoz etmək bir o qədər asan məsələ deyil. Ancaq dəqiq olan budur ki, Rusiya müharibəni davam etdiyi müddət ərzində beynəlxalq imici daha da korlanır, iqtisadiyyatı tənəzzülə uğrayır.
Rusiya hər ötən saat Ukraynada həm canlı qüvvə, həm də hərbi texnikalarını itirir. Bu isə sözügedən ölkəni əlavə addımlar atmağa məcbur edir ki, bu da heç bir beynəlxalq prinsipə sığmır. Söhbət sözsüz ki, Rusiyanın suriyalı terrorçuları Ukraynaya qarşı döyüşlərdə istifadə etməklə bağlı addımından gedir. Bu barədə Qərb mediası mütəmadi olaraq xəbərlər yayımlayır.
(1).jpg)
Bunu Rusiyanın dövlət rəsmiləri də dolayı yolla öz açıqlamalarında təsdiq ediblər. Belə ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. Putin həmin iclasda Donbasa bu regionun sakinlərinə kömək etmək istəyən könüllülərin göndərilməsini mümkün hesab etdiyini açıqlayıb.
Ölkənin müdafiə naziri Sergey Şoyqu isə öz növbəsində Yaxın Şərq ölkələrindən olan 16 mindən çox könüllünün qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın tərəfində döyüş əməliyyatlarında iştirak etməyə hazır olduqlarını bildirib.
Rusiya tərəfinin bu addımına Ukrayna Prezidenti Volodimir Zelenski də münasibət bildirib:
“Minlərlə əsgərinin ölümünə əhəmiyyət verməyən düşmənlə vuruşuruq. Müharibə cəhənnəminə atmaq üçün Rusiyanın hər yerindən əsgər toplayan düşmən indi suriyalıları gətirmək fikrinə düşüb. Rusiya Suriyadan quldurlar gətirir”.
Rusiyanın bu addımı əslində təkcə Ukraynaya deyil, bütün region üçün çox ciddi təhlükə deməkdir.
Gəlin, iki il əvvəli - Azərbaycanın haqq savaşı olan Vətən müharibəsi dönəmini xatırlayaq. Rusiyanın aparıcı media orqanları, o cümlədən, politoloqları bar-bar bağırıdılar ki, guya Azərbaycan Ermənistanla müharibədə suriyalı terrorçuların xidmətindən istifadə edir. Halbuki Azərbaycana qarşı aparılan bu çirkin kampaniyanın heç bir sübutu, dəlili yox idi. Müharibədən sonra da bununla bağlı Azərbaycan hökumətinin rəhbərliyinə xeyli suallar da verildi. Amma cavab bir idi: Faktınız varmı? Əcnəbi jurnalistlər sualın qarşısda aciz qalırdı.

Fakt isə tamamilə başqa bir şey deyirdi. Həmin vaxt Suriyadakı insan haqları pozuntuları ilə bağlı araşdırmaları ilə tanınan Həqiqət və Ədalət üçün Suriyalılar təşkilatı (STJ) Suriyadakı erməni mənşəli döyüşçülərin Qarabağa göndərildiyinə dair araşdırma dərc etmişdi. STJ-nin tədqiqatındakı şahid ifadələrinə və hesabatlarına görə, əvvəllər Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftarın cəbhəsində döyüşən muzdluların Qarabağa aparıldığı üzə çıxmışdı. Əldə edilən məlumatlara görə, Suriya erməniləri sentyabr-oktyabr aylarında Azərbaycan ordusuna qarşı döyüşmək üçün Qarabağa gəlib. Eyni hesabata görə, döyüşçülər 5 uçuşla - ilk ikisi 19-22 sentyabr tarixlərində, digərləri 12, 21 və 17 oktyabr tarixlərində gətirilib. Muzdlular Liviyada pul müqabilində təlimlərə yazılıblar, Ermənistan haqqında kifayət qədər məlumatlı olmayıblar və son anda Ermənistana göndəriliblər. Bu barədə onların ailələri də açıqlama verib.
Maraqlıdır ki, Azərbaycan Ordusuna qarşı vuruşan muzdluların cəsədləri yenidən Suriyaya göndərilib və bu transferlər yenidən Rusiya tərəfindən idarə edilib. 15 suriyalı muzdlu cəsədinin sentyabr və oktyabr aylarında geri göndərildiyi və təxminən 40 yaralı əsgərin Homsdakı hərbi xəstəxanada müalicə aldığı bildirilib.
İndi sual yaranır - iki il əvvəl heç bir fakt olmadan Azərbaycana qarşı “suriyalı döyüşçülər” iddiasına irəli sürən, guya regiondakı sabitliyi düşünən Rusiya, indi niyə bu addımı atır? Yoxsa, əzəmətli Rusiya ordusu mifi dağıldımı? Və ya kim zəmanət verə bilər ki, Rusiya Ukraynadan sonra suriyalı döyüşçülərin xidmətindən başqa bir ölkənin ərazisində istifadə etməyəcək?
Onu da xatırlatmaqda fayda var ki, martın 2-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnaməni qəbul edib. Bu qətnaməyə “yox” deyən 5 ölkədən biri də Suriyadır.
Emin Səfərov
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.
