Tərtərdə 18 yaşlı gənc qətlə yetirildi - Yeniyetmə saxlanıldı

terterde-18-yasli-genc-qetle-yetirildi
Oxunma sayı: 4737

Tərtərdə qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanvarın 1-də saat 1 radələrində rayon ərazisində yerli sakin, 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, 2009-cu il təvəllüdlü şəxs saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı rayon prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü yeniyetmə aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, 14 yaşlı yeniyetmə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.