Aparıcı Zaur Baxşəliyev Ağdamda olub.
"Qafqazinfo" xəbər verir ki, aparıcı uşaqlığı və yaşadıqları ilə bağlı təəssüratlarını bölüşüb:
"İlk dəfə idi ki, bu qədər rahat nəfəs alırdım, Qarabağda döyüşən əsgərlərimizlə, zərərçəkən sakinlərlə görüşdüm. İnsanların içində bir qələbə əzmi, məğlubedilməzlik ruhu gördüm. Əsgərlərimizin işğaldan azad etdiyi torpaqlarımıza xeyli baxdım. Hisslərimi aydınlaşdırana qədər toran qovuşmuşdu. Uşaqlığımın ən gözəl anlarını xatırladım, güldüm, sevindim. Həm də ürəkdolusu ağladım. Ürəyimi şəhidlərimizin qanı tökülən torpaqlar üzərində xeyli boşaltdım.
Şəhid ailələrinə baş çəkdiyimiz an heç bir zaman xəyalımdan silinməyəcək. Sanki canlı vətənpərvərlik kitabları oxuyurdum. Şəhid atası, anası danışır. Mən isə sanki qəhrəmanlıq səlnaməsi vərəqləyirdim. Həyatımda bu qədər vətən üçün çarpışan ürəyi bir arada görməmişdim. Elə o an qayğısız uşaqlığımın son dönəmlərini, qorxu, hiddət və nifrət içində keçən körpəliyimi xatırladım. Təəssüfləndim, içimdən saysız-hesabsız o qədər kaşkilər keçdi. Atamın ermənilərin qarşısına çıxmaq üçün balta-armatur axtarışını xatırladım. Vertolyot meydançasına insanların axın-axın gəlib növbə gözləməsini, vertolyotda basabasda onlarla adamın basqını altında qalan anamı, həmin an heç bir zaman məndən çıxmayan bir səsi, bağırtını xatırladım. "Anam öldü, anam öldü" sözlərim gəldi qulağıma. Balaca Zaurun çarəsiz bağırtısı vertolyotun pərlərinin səsində yox olub getdi. Heç kim məni eşitmirdi. Ağdam vertolyot meydançasında təlaş içində qaçışan adamları, Tərtərdə mal tövləsində yığışıb illlərlə yaşamağımızı xatırladım. Xeyli ağladım.

Şəhid balalarının məsum siması gəldi göz önümə, erməni qonşumuz olan Racikin hiddət dolu siması gəldi göz önümə. Xoruzu ilə fəxr edən Racik... Anam heç sevmirdi Raciki, çünki xoruzu hər dəfə məhəllənin qadınlarının üstünə tullananda Racik oğraş-oğraş gülürdü. Hələ mən sizə 1980-ci illərdən danışıram. Bir gün anam Racikin xoruzunu siçan dərmanı ilə zəhərlədi. Dedi ki, mən bu şərəfsizin qeyrətsiz hərəkətinə dözə bilmərəm. Buna görə məhəlləmizdə əməlli başlı dava düşdü. Bir xoruzun ölümünə dözə bilməyən oğraşlar... Uşaqlıqdan sevmirdim onları, eyni məhəlləni, eyni binanı eyni havanı, suyu paylaşsaqda nifrət edirdim onlara.
Bu dəfə Ağdamda mərmi dəyən məktəbin dağılmış vəziyyətini gördüm. Dağılan evlər, talan olan mənzillər, mərmidən delik-deşik olan həyət-bacaları gördüm. Şuşada məktəbimi xatırladım. Atışma düşdü, məktəbdə SOS siqnalı verildi. Mərmilər töküldü məktəbə. Bacım məndən 5 yaş böyük idi, qaçıb gəldi sinifə, məni qoltuğuna vurub güllələrin altıyla qaçırdı. Birdən gözümüz heç vaxt sevmədiyim sinif yoldaşım Anara sataşdı. Anar həm kök, həm hündür, həm də pinti idi. Ona görə sevmirdim onu. Amma ilk dəfə idi ki, onu çox istədim. Bilmirəm niyə... Bəlkə, onun hər zamankı yekəpər, qorxmaz simasında dəhşət qorxu var idi. Bəlkə, Anar həmişə yekəpərliyi altında gizlətdiyi uşaqlığını ilk dəfə göstərirdi. "Bacı, qurban olum məni də götür" deyəndə ilk dəfə Anarı ağlayan gördüm. Bacım ikimizi də qoltuğuna vuurb zülümlə güllənin atından çıxartdı.
İndi Ağdamdakı dağılan məktəbi görəndə bu mənzərəyə hamıdan fərqli olaraq başqa hisslərlə baxırdım. İndi insanların niyə sualı ilə o zamankı niyə sualı arasında fərq var idi. O zaman niyə oldu, niyə qırıldıq, niyə şəhid oldu deyirdi insanlar. İndi niyə dayandıq deyir.
Hisslər,düşüncələr, dünyagörüşləri dəyişdi. Tək dəyişməyən müharibə və onun vurduğu zərbələr və şəhidlərimiz oldu".


