Texniki peşə təhsili alanlar üçün tələbə krediti imkanı

texniki-pese-tehsili-alanlar-ucun-telebe-krediti-imkani
Oxunma sayı: 2815

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə 2023-2024-cü tədris ilindən etibarən yüksək texniki peşə təhsil səviyyəsi ilə yanaşı, texniki peşə təhsili səviyyəsində təhsil alan tələbələr də tələbə kreditindən yararlana biləcəklər.

Bəs, bu qərar neçə nəfər tələbəyə şamil edilir, üstünlükləri nələrdir?

Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin əməkdaşı Cabbar Hüseynli Qafqazinfo-ya açıqlamasında bildirib ki, hazırda peşə təhsili müəssisələrində təxminən 3000 nəfərə yaxın ödənişli əsaslarla texniki peşə təhsili alan tələbə var:

“Hər semestr üzrə təhsil tələbə kreditinə müraciət edənlərin sayının ən azı 300-400 nəfər olması ehtimal edilir. Növbəti tədris ili üzrə yeni qəbul olacaq tələbələr, o cümlədən, hazırda bu səviyyə üzrə təhsil alan tələbələr müraciət edərək dövlətin yaratdığı bu imkanlardan istifadə edə bilərlər”.

Cabbar Hüseynli əlavə edib ki, Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı andan bu günədək 20.759 təhsil tələbə krediti rəsmiləşdirilib, tələbələrin təhsil aldıqları müəssisələrin bank hesablarına nağdsız formada köçürülüb. Bunlardan 7396-sı sosial növ, 13363-ü isə standart növ təhsil tələbə kreditidir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli də saytımıza açıqlamasında texniki və yüksək texniki peşə təhsil səviyyələrinə tələbə kreditlərinin ayrılmasının bu sahəyə gənclərin marağının artmasında, həmçinin peşə təhsilinin daha əlçatan olmasında müstəsna rol oynayacağını vurğulayıb:

“Dövlətimizin peşə təhsilinə qayğısının bir hissəsi olaraq son 3 ildə ayrılan plan yerlərində dövlət sifarişli yerlərin sayında təqribən 30 % artım müşahidə edilir. Bakı və regionlarda müasir peşə təhsil müəssisələrimiz tikilir və istifadəyə verilir. Bununla da hər il ümumi tələbə sayında, o cümlədən ödənişli qruplarda say artımı baş verir. Yaradılmış imkan həmçinin ötən illərdə 50 % həcmində dolan ödənişli plan yerlərinə marağı da artırmış olacaq. Bu qərar ödənişli qruplarda təhsil alan və az təminatlı ailələrdən olan gənclərimiz üçün böyük fürsətdir. Təqdim edilən imkanlar peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi ərəfəsində gənclərimizə peşə təhsilini seçmələri baxımında da əlavə stimul mənbəyidir”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov da öz növbəsində qərarı dəstəkləyib:

“Bu, peşə təhsilinin əlçatan olması baxımından xeyli faydalı və pozitiv bir qərardır. Düşünürəm ki, bu, eyni zamanda peşə təhsilinin inkişafı istiqamətində atılan növbəti addımdır. Azərbaycanda peşə təhsilinə bu qədər önəm verilməsi və Azərbaycanın əmək bazarı üçün peşə təhsilli peşəkar kadrların hazırlanması istiqamətində Təhsil Tələbə Krediti Fondunun verdiyi dəstək bu mənada stimul olacaq və imkansız ailələrdən olan, sosial qayğıya ehtiyac duyan tələbələr məhz bu fondun imkanlarından yararlana biləcəklər”.

Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü, təhsil eksperti Pərvanə Məmmədova texniki peşə təhsili alan tələbələr üçün tələbə krediti imkanının yaradılmasını təhsilə və karyera inkişafına bərabər çıxışın təşviq edilməsi istiqamətində atılan uğurlu addım kimi qiymətləndirib:

“Texniki peşə təhsili alan tələbələr üçün maliyyə resurslarını genişləndirməklə daha çox fərdin xüsusi bacarıq və biliklər əldə etməsinə, onların məşğulluq imkanlarının artırılmasına əlverişli şərait yaradılır. Texniki peşə təhsili alan tələbələr üçün tələbə kreditlərinin mövcudluğu onlara öz gələcəklərinə sərmayə qoymağa və karyera arzularını həyata keçirməyə imkan verir, ənənəvi ali təhsil seçimlərinə çıxışı olmayanlara maliyyə dəstəyi təklif etməklə inklüzivliyi təşviq edir”.