“Təzyiq Azərbaycan üçün vasitə deyil”

tezyiq-azerbaycan-ucun-vasite-deyil-
Oxunma sayı: 789


“Qafqazinfo” xəbər verir ki, bunu SİA-ya millət vəkili Çingiz Qənizadə deyib. Millət vəkili Almaniya parlamentinin üzvü tərəfindən təqdim olunan layihənin Avropa Parlamentinin üzvləri tərəfindən qəbulunu təəssüflə qarşılayır: “Qəbul olunan qətnamədə Azərbaycanda insan haqları, demokratiya, sərbəst toplaşmaq hüququ və digər məsələlərlə yanaşı bir neçə QHT nümayəndəsinin adının çəkilməsi göstərir ki, bu insanlar Azərbaycanda nə baş verdiyini görmək istəmirlər. Sadəcə hər hansı bir məsələni problemə çevirərək Azərbaycan qarşı istifadə etməyə çalışırlar. Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün insan haqları, yaşamaq, sərbəst toplaşmaq hüquqları, ümumiyyətlə bütün hüquqları pozulub. Bu insanlar 20 ildir ki, buna göz yummaqda davam edirlər. Ancaq bir neçə “ictimai fəal”ın həbsini siyasi həbs kimi dəyərləndirirlər”.

Ç. Qənizadə vurğulayıb ki, heç kimin dövlət qarşısında fəaliyyəti onu qanundan üstün etmir: “Ulu Öndər Heydər Əliyev deyirdi ki, heç kim xidmətlərinə görə qanundan üstün ola bilməz. Ümümmilli Liderin bu sözləri insanlara ciddi mesaj idi. Bu gün kimlərsə, xaricdən qrantlar alaraq vergidən yayınırsa, mühasibatlıq qaydalarını pozursa, layihələri ilə dövlət əleyhinə iş görürsə, qanun da öz sözünü deməlidir”.

"Azərbaycanda fəaliyyət göstərən bəzi QHT rəhbərləri Avropa ilə sıx əməkdaşlıq edərək onlardan maliyyə yardımları aldıqlarına, hətta dövlət əleyhinə iş apardıqlarına görə yox, vergidən yayındıqlarına  görə həbs olunursa, bu Avropanı nədən qıcıqlandırır? Bunu başa düşə bilmirəm. Hesab edirəm ki, Avropa Azərbaycanı sevmir və ya sevmək istəmir. Ona görə də Azərbaycanda müəyyən problemlərin yaranması üçün süni əngəllər yaradırlar. Bunu da sonda layihə və ya qətnamə şəklində müzakirəyə çıxarılır. Təəssüflə qeyd edirəm ki, belə addımlar Azərbaycan-Avropa münasibətlərinə xələl gətirə, daha çox bizi Rusiyaya meylləndirə bilər. Yaxşı olar ki, Avropa ikili standartlarına bir daha baxsın"- deyə, Ç. Qənizadə vurğulayıb.

Hüquq müdafiəçisi hesab edir ki, belə qətnamənin qəbulu ölkəmizi sevməyən qüvvələrin düşünülmüş addımıdır: “Ancaq, onların belə addımları Azərbaycanın uğurlu işinə mənfi təsir göstərə bilməz. Ölkə başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç kim Azərbaycanla şərtlə, təzyiq dilində danışa bilməz. Ölkədə hər hansı bir problem varsa, o ölkə daxilində müzakirələrlə həllini tapa bilər. Yəni, təzyiq Azərbaycan üçün vasitə deyil. Azərbaycan təzyiqlərdən heç vaxt çəkinməyib, çəkinməyəcək”.