Dünyanın tanınmış elmi tibb jurnallarından olan “The Lancet” Rusiya istehsalı “Sputnik V” koronavirus peyvəndinin üçüncü sınaq mərhələsinin nəticələrini dərc edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun açıqlamasında bildirilib.
“Dünyanın ən köklü və ən tanınmış tibbi jurnallarından biri olan “The Lancet” “Sputnik V” peyvəndinin III mərhələ klinik sınaq nəticələrinə dair yayımladığı hesabatda peyvəndin yüksək effektivliyini və təhlükəsizliyini təsdiqləyib”,- deyə açıqlamada qeyd olunub.
RDIF İcraçı Direktoru Kiril Dmitriyev sözügedən məqaləni pandemiya ilə mübarizədə böyük bir hadisə adlandırıb: ““The Lancet” tərəfindən yayımlanan məlumatlar “Sputnik V”nin yalnız dünyada qeydiyyatdan keçmiş ilk peyvənd deyil, eyni zamanda ən yaxşı peyvəndlərdən biri olduğunu sübut edir. Müstəqil mütəxəssislər tərəfindən tərtib edilən “The Lancet” jurnalında dərc olunan məlumatlara görə, peyvənd ağır koronavirus hallarından tamamilə qoruya bilir”.
Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi “Sputnik V”ni 2020-ci ilin avqustunda qeydiyyata alıb. Peyvənd RDIF-in dəstəyi ilə Qamaleya adına Tədqiqat İnstitutu tərəfindən insan adenoviral vektorlarının yaxşı öyrənilmiş platformasında yaradılıb.
Son xəbərlər
Son Xəbərlər