Tikanlı adamın evindən - Reportaj

tikanli-adamin-evinden-
Oxunma sayı: 4864

Mən düşünüb, qan ağlaram, görən necə qalırlar?

Bu cəhənnəm guşəsində o behşitlik adamlar?


Sovet dövründə çox istedadlar yetişib, pərvəriş tapıb, ucalıb, ancaq onlardan qanadları qırılanların, qələmi sındırılanların say sırası genişdən genişdir. Zaman və zəmanə onları sındırdıqca, əzdikcə, elə bil daha şiddətlə artıb-çoxalıblar. Sokrat amantanımazlara xitabən deyirdi ki, siz ədalət güllərini kəsdikcə, onlar daha da qaba tikanlarla boy atacaq. Sən demə, sənətdə də beləymiş…

Yuxarıdakı misraları isə Xaqani Şirvani Rey şəhərinin iqliminə məzəmmətlə kağıza köçürüb. Ancaq başdan-başa “istedad qəbiristanlığı”na çevrilmiş Sovet imperiyasına da uyarlı, yapışan misralardır. Doğurdan da, böyük istedadlar, fikir adamlar – behiştliklər o cəhənnəmdə necə yaşayıblar?

Otaq

Var “qəhrəman düzəldən” xalqlar, bir də var qəhrəman yetişdirən, ərsəyə çatdıran xalqlar. Ədəbiyyat sarıdan Rusiya ikincilərdəndir. Şair-yazıçıların ev muzeylərini gəzdikcə, ev muzeylərinin necə təşkil olunmasına baxdıqca, şəxsi fondların yığımı və arxivləşdirilməsi ilə maraqlandıqca heyrətlənməyə bilmirsən. Mixail Zoşşenkonun mənzil-muzeyi də məhz belə müstəsna muzeylərdəndir. Muzey 1989-cu ildə yaradılıb. 1992-ci ildən isə ziyarətçilərə açıqdır. Bu muzeyi həm də XX əsr ədəbiyyatı muzeyi adlandırırlar. Muzey şəhərin ən gözəl yerlərindən birində – Qribeyodov kanalının yaxınlığında Nevski Prospekti Maloy Konyuşennoy küçəsi 119-da yerləşir. Muzeydə yazıçının həyat və fəaliyyəti bütün gerçəkliyi ilə əks olunub. İki otaqdan ibarət muzeyin sahəsi 50 m²-dir.

Muzeyin yerləşdiyi bina 1830-cu illərdə tikilib. Əvvəlcə üç mərtəbədən ibarət mənzilin Sovet dövründə 4-cü və 5-ci mərtəbələri də inşa edilib. Binanın ikinci sahibi orkestrin musiqiçiləri olub. Və imperatorun əmri ilə burada XIX-XX əsr nadir xarici musiqi alətləri muzeyi yaradılıb. Daha sonra binaya yazıçılar köçürülüb... Zoşşenko ailəsinə 3 otaqlı mənzil verilib. Ömrünün son illərinəcən yazıçı bu binada güzəran edib. Birinci otaqdan hazırda muzeyin əməkdaşları iş otağı kimi istifadə edir, sənədlər, muzey materialları və sair burada toplanır. Yerdə qalan iki otaq isə ziyarətçilərin üzünə açıqdır.

İl

Zoşşenko tikanlı adam idi. Gördüyünü yazan idi, qələmi susmurdu. O dövrdə yazıçılar hərbi orkestr sayaq bölünmüşdülər – təbil çalanlar hər nə qədər irəlidə getsələr də, Sovet imperiyasını mədh etsələr də, xalqın qulağı (ürəyi) nəfəsli alətlərin səsinə diqqət kəsilmişdi... Çünki xalqın dərdini onlar car edirdilər...

Əvvəlcə fəlsəfi şeirlər yazan Zoşşenko sonradan satirik hekayələrə keçmişdi və başı da bəlalar çəkməyə elə o vaxtdan başlamışdı. Deyilənlərə görə o özü təvəllüdünü dəqiq bilmirmiş. Uzun illər onun dəqiq doğum tarixi heç kəsə məlum olmayıb. 62 yaşında öldüyü deyilsə də, əslində, ömrünün 63-cü ilində dünyadan köçüb. Bu faktı 90-cı illərdə təhqiqatçılar dəqiqləşdiriblər. Zoşşenko özü haqda deyirdi ki, mən XIX əsrin sonunda doğulmuşam, yəqin ona görə mənim bu günə marağım və camaatın da mənə marağı yoxdu.

Öz təvəllüdünü dəqiq bilməyən, dövrü üçün maraqlı, canayatımlı sima olmadığını dərk edən Zoşşenkonun zamana münasibəti həm də zəmanəyə münasibəti idi... O, öz doğum ili kimi zəmanənin isə “ritmini” dəqiq bilmirdi... Ona görə də başı bəlalardan ayılmadı...

Birinci otaq

Birinci otaqda yazıçın əsası, yatağı, qalstukları, yazı masası var. Divarda bir neçə foto görürük Yazı masasının üstündə eynəyi, “Günəş çıxmazdan əvvəl” povestinin əlyazması, telefon, yazı makinası, radio, divan, kreslo, şkaf, rəf, ayna gözə dəyir.

Zoşşenkonun həyat yoldaş Vera Vladimirovna alman əsilli idi. Sadə güzəran qurublarmış. Evdə az əşya qalıb, çoxu çətin vaxtlarda satılıb, dolanışıq qayğılarına xərclənilib. Zoşşenko Rusiya Yazıçılar İttifaqından uzaqlaşdırıldığı dövrdə, xanımı da katib vəzifəsindən çıxarılıb. Onlara iş verməkdən qorxurlarmış, deyilənə görə bircə aktyor Arkadi Raykin ona Estrada Teatrına işə düzəlməyə kömək edib.

Zoşşenkonun yerə bir cüt ayaqqabısı qoyulub, çarpayısının başına isə kostyumu asılıb. Ayaqqabılarının ölçüsü 38, boyu 165-sm olub. Deyilənlərə görə zövqlə geyinərmiş. Bu otaqdan XX əsrin nəfəsini duymaq olur...


Gid

Otaq haqqında gid ətraflı məlumat verir. Zoşşenkonun ev muzeyi haqqındakı məlumat kitabçasında yazıçı haqqında geniş məlumatlar var. Gidin muzey haqqındakı məlumatlar çox əhatəlidir. Rusiyada demək olar ki, əksər muzeylərdə belədir: Əşyaları göstərə-göstərə yazıçının həyatını danışırlar, sanki əşyalar vasitəsi ilə Zoşşenkonun “həyatına səyahət” edirsən.

Həyat

Hər kəs taledən “acılıq payını” bir cür alır. O dövrdə Zoşşenkon faciəsi xaricidə çap olunması idi. Onu, doğurdan da, uzaq ölkələrdə də oxuyurdular, oxucu məktubları alırdı. Adı adların başında idi... Dövrünə görə xaricidə çap olunanların birincisi idi. Bəzi tənqidi yazıları xarici ölkələrdən Rusiyaya çomaq uzadanların ürəyinə yağ kimi yayılırdı... Zoşşenkonun yazılarını antisovet mövqeyi kimi qələmə verilirdi... Suyu bulandırmaq istedadı ilə tanınanlar bircə an da dinc dayanmırdılar... Daxilən toxtaq olan, “səbrinin sahmanı”nı itirməyən Zoşşenkosa “gorqazan” ağızları susdurmaq həvəsində deyildi. Nə çap olunmaq fərəhindən sinəsi qabarırdı, nə də belə şeylərin arxasınca düşürdü. “Meymunun macərası” hekayəsini çap eləmişdi, bu əsərə görə onu çıxdaş etmişdilər. Hekayənin dərcindən dərhal sonra Sovet Yazıçılar İttifaqının qurultayı çağırılıb, Zoşşenko ilə Anna Axmatovanı antisovet yazıçı kimi birliyin üzvlüyündən çıxarırlar. Axmatovanın “gözəgörünməz himayədarları”, pərəstişkarları vaxtında başının üstünü alsa da, adama yovuşmaz, ünsiyyətdən qaçan Zoşşenkonun müşkülü əncama yetmir. Axmatovanı da, Zoşşenkonu da o dövrdə “tərifləyə-tərifləyə” heç etmək istəyirdilər... Hətta haqlarında çıxaracaqları nadürüst qərarları belə onlar qəzetlərdən oxuyurdular...

İkinci otaq

İkinci otaq olduqca maraqlıdır... Ayrıca guşədə Zoşşenkonun müasirlərinin rəsmləri asılıb... Bura “Yaddaş divarı” adlanır... Burda yazıçının taleyi taleyindən keçənlərin – həm xeyirxahlarının, həm də candanəzizlərin – dostların, zamandaşların rəsmləri asılıb...

Bu otaqda xüsusi bir konstruksiya düzəldilib. Zoşşenkonun qəhrəmanlarının eksponatları, əşyaları düzülüb burda. Onun üstünə çıraq, içki şüşələri, saat, ütü, bel, qaloş və sair qoyulub. Bir müddət pinəçi işləyən Zoşşenkonun ayaqqabı yamadığı alət də qoyulub. Eyni zamanda Zoşşenko mühasib işlədiyi dövrü əks etdirən hesab taxtası da muzeyin seçilən eksponatlarındandır. Yazıçıya aid ikinci yazı makinası da gözə dəyir.

Qaloş

Muzeydəki əşyalardan biri də o dövrə aid qaloşdur. Bu əşya təsadüfi qoyulmayıb. O vaxtlar çox insanlar belə qaloş geyinirdilər. Zoşşenkonun “Qaloş” adlı məşhur hekayəsi var. Hekayədə Sovet dövründə idarə və müəssisələrdəki canyoran, usandırıcı bürokratik əngəllər tənqid olunur.

Hekayənin qəhrəmanı qaloşunun bir tayını tramvayda itirir. Onu tapmaqdan ötrü xeyli arayışlar təqdim etməli olur ki, itən qaloş, doğurdan da, ona aiddir. Qaldığı yataqxanadan, eyni zamanda tramvaylara nəzarət edən vahid idarə yollarında qalır və hər dəfə gedəndə qaloşunun o biri tayını qoltuğuna vurub aparır. Qaloşun tayı tapılır, ancaq qəhrəman bu get-gəllərdə qaloşun o biri tayını da itirir. Və özünə söz verir ki, o biri tay üçün bir də o avaraxanaya – tramvay idarəsin müraciət etməyəcək...

Yenə ikinci otaq

Bu otaqda yazıçıya aid hərbi geyim var... Müharibədə işləyən yazıçıya aid əleyhqaz, binokl, qılınc, çanta, papaq, müxtəlif medallar, alışqan, siqaret qutusu da günümüzə gəlib çıxıb. Məlumat üçün deyim ki, zadəgan nəslindən olan yazıçının atası vaxtsız dünyadan köçüb və o gimnaziyadan sonra Peterburq Universitetinə qəbul olunub. Çox ələmli günlər görüb, korluq çəkib. Təhsil haqqını ödəməkdəki çətinliyinə görə qatarda bələdçi işləyib. Sonra gizir kimi müharibəyə yollanıb. Kapitan rütbəsinəcən qədər yüksəlib... 19 peşə dəyişən Zoşşenkonun evindəki fərqli əşyaların olması, bu baxımdan, normaldır.

Əşyalar

Otaqda Yazıçılar İttifaqının üzvlük vəsiqəsini də görürük. Yazıçıya aid müxtəlif sənədlər də diqqət çəkir. Ölüm şəhadətnaməsi də burada saxlanılır. İçki şüşələri, odekolon qabı... Samovarı da yazıçıya aid yadigarlardandır. Burada çətir, şamdan, yazıçının yaşadığı dövrü əks etdirən qəzet səhifələrini də görürük....

Müxtəlif dərmanlar da muzeydə qorunur. 20 yaşında ürək xəstəliyi yaranan yazıçı bu dərmanlardan istifadə edirmiş. “Günəş çıxmadan əvvəl” əsərində yazıçı xəstəlik tapması haqqında ətraflı yazıb.

22 iyun 1942-ci ildə Sovet İmperiyasına olan hücumlar zamanı o da ərizə yazır ki, müharibəyə qoşulsun. Lakin ürək xəstəliyinə görə onu qəbul etmirlər....

Dönüklər

“Ulduz” və “Leninqrad” jurnalındakı yazılarına görə Zoşşenkodan çox adam üz döndərmişdi. Hətta ən yaxın dostları da. Onu müdafiə edən dostlarından biri Viktor Şklovski və İ.Selvinski də “quyruq ələ vermirdi”. Və bir gün dostunun dönüklüyün, kələkbazlığını görəndə ona deyir ki, özünə gəl, sən axı Orta Asiyada belə demirdin, başqa cür danışırdın. Şklovski də cavabında irişə-irişə deyir: mən tutuquşu deyiləm ki həmişə elə eyni şeyi deyim. Dostunun belə dönüklüyündən sarsılan Zoşenko özünü onlara tutub deyir ki, siz çox pis, qəddar adamlarsız...

Zoşşenkoya o qədər qatı təzyiqlər var imiş ki, xaricidən gələn ingilis tələbələr elə bilib yazıçı ölüb. Sağ olduğunu biləndə onunla görüş tələb ediblər. Görüş baş tutub və Zoşşenko yaşadığı həyata layiq olmadığını bildirib. Belə bir məşhur fikir də var ki, indiyə qədər heç bir yazıçıya qarşı tənqidçilər Zoşşenko qədər qəddar olmayıblar...


Əlyazmalar

Müharibə illərində almanlar onun keçmiş hekayələrini antisovet təbliğatı kimi hallandırırlar və həmin vaxt isə təbii ki, heç kim Zoşşenkonun, həqiqətən də, vətən xain olub-olmadığını araşdırmayacaqdı. O illərdə yazıçı Almatıya köçür oldu. Həyat yoldaşı Vera xanım müharibə illərində oğluyla bu evdə yaşayır. Burada biz Zoşşenkonun Almatıdan yazdığı məktubları, teleqramları görürük. Və orada 3-cü povestini – “Günəş çıxmadan əvvəl”i yazır. Muzeydə həmin əsərin qaralama variantı saxlanılır. Çox təəssüflər olsun ki, həmin povestin çap olunmasına qadağa qoyulur. 1943-cü ildə yalnız povestin ilk 3 hissəsi çap olunur. Burada Stalinə yazdığı məktubun qaralaması da saxlanılır. Məktubun ünvanına çatıb-çatmaması haqqında isə məlumat yoxdu...

Bura haradır?

Bu otaqlarda gəzə-gəzə düşünürəm üslubu “Çexov və Qoqolun uğurlu sintezi”ndən yoğurulan Zoşşenkonun evindəyəm... O Zoşşenkonu ki, Nazim Hikmətin həbsxanada dözümünü birə beş artıran hekayələrin müəllifi... O Zoşşenkonun ki, Nazim Hikmət onunla görüşməkdən ötrü min bir təşəbbüs göstəribmiş... İşsiz vaxtlarında gizli yolla ona pul göndəribmiş... Onların ilk görüşdükləri gün Nazim ondan hekayələrini oxumağı xahiş edibmiş, onda Zoşşenko bu evdən gecə gəlib əsərlərinin əlyazmasını götürüb... “Yüz hekayə” adı altında çap etdirəcəyini gözlədiyi hekayələr burda yazılıb... Zoşşenkonun həmin hekayələri indiyə qədər də o adla çap olunmayıb... O, Nazim Hikmətə deyirmiş ki: “Bu hekayələri barəmdəki qərardan sonra qələmə almışam. İstəyirəm oxucu bilsin ki, heç vaxt qələmim susmayıb, yazmışam. Mənim kimi adam üçünsə düşdüyüm vəziyyətin dəyişəcəyi tamam ayrı məsələdir... Çünki biz onları yox, onlar bizi seçiblər...”. Təmiz, sadəlövh, Nazim Hikmət onun əlyazmasını alıb Simonova verib çap etdirmək istəyirmiş. Zoşşenko Simonovun adın eşidən kimi deyib: O, mənim günahlandıranlardan biridir...

Qəribədir, bir vaxtlar Zoşşenkonu günahlandıranların övladları onun sevənlərə çevrilib... Rusiya üçün “zərərli” əsərlərini indi rus uşaqları dərsliklərə salınıb... Nifrət miras qalmır...

Fərid Hüseyn
Xüsusi olaraq “Qafqazinfo” üçün