Tikinti şirkəti BNA-ya məxsus avadanlığı yararsız hala saldı - Fotolar

Tikinti şirkəti BNA-ya məxsus avadanlığı yararsız hala saldı
Oxunma sayı: 1315

Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə aid çox funksiyalı paylayıcı qutu zədələnərək tam yararsız hala salınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən "Qafqazinfo"ya verilən məlumatda deyilir: 

"“Nərimanov ESTATE” tikinti şirkəti nəqliyyat axınının düzgün idarə olunması baxımından mühüm əhəmiyyət kəsb edən avadanlığı qeyri-qanuni olaraq tikinti sahəsinə daxil edərək çəpərləyib. Üzərində avadanlığın Bakı Nəqliyyat Agentliyinə məxsus olması və onun zədələnməməsi barədə xəbərdarlıq olmasına baxmayaraq tikinti şirkəti buna məhəl qoymayıb.

23.06.2021 tarixində isə “Nərimanov ESTATE” şirkəti tərəfindən tikinti sahəsində aparılan iş zamanı idarəetmə lövhəsini dağıdıb. Tikinti şirkətinin məsuliyyətsiz və qanuna zidd əməli nəticəsində Təbriz küçəsi və ətraf ərazilərdə ümumilikdə sahə avadanlıqlarının işində o cümlədən iki yol ayrıclarında svetoforda, müşahidə kameralarının və avtobus dayanacaqlarındakı “BakıKart” ödəmə terminallarının işi tamamilə dayanıb.

Təəssüflə bildiririk ki, yol ayrıcından svetoforun işləməməsi səbəbindən Təbriz-Əhmədbəy Ağaoğlu küçlərinin kəsişməsində yol nəqliyyat hadisəsi də qeydə alınıb.

Qeyd olunan məsələylə bağlı hüquqi addımların atılmasına başlanılıb. Müvafiq aktlar tərtib olunaraq digər zəruri sənədlərlə birgə hüquq mühafizə oqranlarına təqdim olunacaq.

Bu cür halların mütəmadi olaraq baş verdiyini nəzərə alaraq bir daha bildiririk ki, hüquqi və fiziki şəxslər dövlət əmlakı hesab edilən ən əsası isə hərəkətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edən sahə avadanlıqlarına qarşı son dərəcə diqqətli və məsuliyyətli olmalıdır. Bu cür avadanlıqların əhəmiyyətinin nəzərə alınmadığı kiçik bir nüans sonda yüzlərlə insanın lüzumsuz yerə əziyyət çəkməsinə hətta həyatlarının təhlükə altına düşməsinə səbəb olur".