Tikintisi dayandırılan tanınmış şirkət məhkəməni uddu

tikintisi-dayandirilan-taninmis-sirket-mehkemeni-uddu
Oxunma sayı: 5736

“Bağçasaray” MTK 8 ildir Bakı sakini Adəm İsmayılovun şirkəti şantaj etdiyini və bu səbəbdən böyük yaşayış kompleksinin tikintisinin dayandırıldığını bildirib.

“Bağçasaray” MTK-dan “Qafqazinfo”ya verilən məlumata görə, 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Xətai rayonu Nobel prospekti 134 C ünvanında tikintisinə icazə verilən müasir və komfortlu yaşayış kompleksi 6 hektar ərazidə salınmalı idi. Bütün lazımi icazə sənədlərinə malik olan şirkət ləngimədən layihənin icrasına başlayıb.

Qeyd edilib ki, tikinti işlərinə başlamağa imkan tapmamış, tikinti sahəsində Adəm İsmayılov adlı biri bu ərazinin ona məxsus olduğunu və şirkətin ərazidə tikinti işlərinin aparmaq hüququna malik olmadığını iddia edib. Həmin şəxs məhkəmələrdə “süründürməklə” hədələyərək, şirkətdən böyük məbləğdə pul tələb edib.

Fotoda: Adəm İsmayılov

Şirkətin hüquqşünasları bir daha bütün icazə sənədlərini nəzərdən keçirərək yekdil qərara gəliblər: “Çağırılmamış qonağın iddiaları əsassızdır və bu səbəbdən tikinti işləri davam etdirilməlidir”.

Şirkət iddia edir ki, Adəm İsmayılov qohumu Sübhan Zayidovun vasitəsilə müxtəlif məhkəmə orqanlarına və bütün instansiyalara şikayət ərizələri göndərməyə başlayıb:

“Şikayətlərin sayı o həddə çatıb ki, məhkəmə orqanları yaşayış kompleksinin tikintisinə müvəqqəti qadağa qoymaq qərarına gəlib.

Beləliklə də, vəziyyətin aydınlaşdırılmasına 8 il vaxt tələb olunub. Çoxsaylı məhkəmə çəkişmələrindən sonra Konstitusiya Məhkəməsi “Bağçasaray” MTK-nin lehinə qərar çıxarıb.

Nəhayət ki, məhkəmələrin qərarları ilə tikinti şirkətinə qarşı 8 illik şantaja son qoyulub. Bununla belə, yaşayış kompleksinin tikinti müddəti ilə bağlı bütün planları alt-üst olub. Şirkət bu müddət ərzində xeyli vəsait də itirib”.

Şirkətdən verilən məlumata görə, tikinti işlərinə yaxın müddətdə başlanılacaq.

Qeyd edək ki, “Bağçasaray” MTK “YENİ HAYAT” Şirkətlər Qrupuna daxildir.