“Tilsimdir, ovsundur, cadudur Şuşa” - Video

tilsimdir-ovsundur-cadudur-susa
Oxunma sayı: 2583

Xəbər verdiyimiz kimi, Şuşada Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə “Vaqif Poeziya Günləri” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid Şuşa ilə bağlı xatirələrini məclis iştirakçıları ilə bölüşüb:

“1979-cu ildə “Cıdır düzü” adlı ilk şerimi yazmışdım. Sonrakı illərdə Şuşa haqqında ən gözəl sözləri deyən, onu mədh edən insanlar mənim əzizimə çevrilib. İşğal illərində tez-tez Anar müəllimin, Polad Bülbüloğlunun, Toğrul Nərimanbəyovun, Fərhad Bədəlbəylinin Şuşa haqqındakı fikirlərini səsləndirirdim”.

Yazıçı qeyd edib ki, Şuşa haqqında ən gözəl sözləri son iki ildə Ali Baş Komandan İlham Əliyev deyib:

“Şuşasız bizim işimiz yarımçıq olar.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!”

Keçən il işğaldan sonra ilk dəfə Cıdır düzündə “Xarıbülbül” festivalına gəldik. Və yenə Prezident çıxış edək qeyd etdi ki, “Bu festival şəhidlərimizin xatirəsinə həsr olunub, Şuşanın azadlığını qəhrəman əsgərlərimizə borcluyuq”. Həmin günün səhəri gözümü Şuşada açanda inana bilmirdim. Bir də gördüm qulağıma azan səsi kimi Alim Qasımovun (Xalq artisti – red.) canlı muğamı gəlir. Bütün bunlardan ilhamlanaraq 42 ildən sonra Şuşaya yeni şeir həsr etdim:

 

“Min şəhər adı var dillərdə əzbər,

Adların ən üstün adıdır Şuşa.

Musiqi notudur cüt hecasıyla,

Dilimin şəhdidir, dadıdır Şuşa.

***

Ciyərdə nəfəsdir, damarda qandır,

Ruha qanad verən sirli məkandır,

Biri beş edəndir, güc artırandır,

Qoşundur, əsgərdir, ordudur Şuşa.

***

Qoynuna hər gələn yüz xəyal eylər,

Uzaqdan baxanlar qeylü-qal eylər.

Birini coşdurar, birin lal eylər,

Tilsimdir, ovsundur, cadudur Şuşa”.