İyulun 23-də “Tokio-2020” Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Olimpiadanın ikinci günündə - iyulun 24-də Azərbaycanın 10 idmançısı mübarizəyə qoşulacaq.
“Qafqazinfo” xəbər verir ki, atletlərimiz idmanın altı növündə güclərini sınayacaqlar.
Olimpiadanın ikinci günündə üç boksçumuz rinqə çıxacaq. Belə ki, Tayfur Əliyev (57 kq) vyetnamlı Duonq van Nguyen, Lorenso Sotomoyor (69 kq) gürcüstanlı Eskerxan Madiev, Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşacaq.
Kişilər arasında idman gimnastikası yarışlarında ölkəmizi İvan Tixonov təmsil edəcək.
Velosiped idmanının şosse növündə təmsilçimiz Elçin Əsədov medallar uğrunda mübarizə aparacaq.
On metr məsafəyə tapançadan güllə atma yarışlarında Azərbaycanı Ruslan Lunyov təmsil edəcək.
Cüdo yarışlarının ilk günündə iki idmançımız tatamiyə çıxacaq. Kişilərin yarışında mübarizə aparacaq Kəramət Hüseynov (60 kq) Eşli MakKenzi (Böyük Britaniya) ilə üz-üzə gələcək. Qadın cüdoçumuz Aişə Qurbanlı (48 kq) isə portuqaliyalı Katarina Kosta ilə qarşılaşacaq.
Üzgüçülük yarışlarında iki idmançımız qüvvəsini sınayacaq. Maksim Şemberev 400 metr məsafəyə qarışıq, Məryəm Şeyxəlizadəxangah isə 100 metr məsafəyə batterflay yarışlarında mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.
Son xəbərlər
Son Xəbərlər