Tökmə, yoxsa yığma beton?

tokme-yoxsa-yigma-beton
Oxunma sayı: 2547

Dünyada binaların tikintisində yığma betondan istifadə getdikcə genişlənir. Bu da təbii sayılmalıdır. Çünki yığma beton tökmə (ənənəvi) betondan bir sıra üstünlükləri ilə seçilir. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, indi qənaət və sürət dövrüdür. Tikinti sektoru üçün vaxta qənaət pula qənaətdən heç də az əhəmiyyət kəsb etmir. Bu baxımdan, yığma betondan istifadə tikinti işlərini sürətli aparmaq üçün olduqca vacibdir. 

Məsələ ondadır ki, yığma beton sadə yanaşmaya əsaslanır, onun ölçüləri əvvəlcədən müəyyən edilir, elementlər tikinti sahəsinə hazır vəziyyətdə gətirilərək quraşdırılır. Tökmə betonla bağlı vəziyyət isə mürəkkəbdir. Onun bərkiməsi çox vaxt aparır, hara tökülməsindən asılı olmayaraq bu müddət günlər və yaxud həftələr çəkə bilər. Bu da vaxt itkisidir və divarlar hazır olduqdan sonra görüləcək işləri ləngidir. Son nəticədə əgər binanın bir mərtəbəsini qaldırmaq yığma betonla 12 günə başa gəlirsə, tökmə betonla bu müddət 18-20 gündür. Müqayisə üçün daha bir misal gətirmək olar. Yığma betonla kiçik ölçülü mülki yaşayış binanın tikintisinə təqribən 20 gün tələb olunursa, ənənəvi betonla bu müddəti 2 aydır. 

Ümumiyyətlə, böyükmiqyaslı layihələrdə tikintiyə sərf olunan hər gün çox vacibdir. İnşaatçılar betonun bərkiməsini çox gözləyə bilmirlər. Bundan əlavə, hava şəraitinə görə işin uzanması riski də var. Yığma beton optimal temperatur və rütubətlə idarə olunan mühitdə qurudulur. Beləliklə, əldə edilən konstruksiya müstəsna keyfiyyətə malik olur. Tikinti sahəsinə beton tökərkən isə ətraf mühit amilləri nəzərə alınmalıdır. Pis hava şəraiti beton strukturda qüsurlara səbəb ola bilər. Bir sözlə, yığma beton böyük və standart layihələr üçün optimal variantdır. 

Yığma beton həm də tökmə betonla müqayisədə ucuz başa gəlir. Hazır elementlərin alınması ilk baxışdan bahalı görünə bilər. Amma nəzərə almaq lazımdır ki, tökmə konstruksiya tikinti mühitində daha çox əmək və paralel olaraq daha çox xərc tələb edir. Mütəxəssislər deyir ki, yığma beton metodologiyası hər kvadrat metr üzrə 20% vəsaitə qənaət etməyə imkan verir. Çünki yığma betonda 20% daha az beton, 30% daha az polad, 50% daha az işçi qüvvəsi sərf olunur, 50% daha az tullantı yaranır. 

Bundan başqa, yığma beton təcrübəli mütəxəssislərin tam nəzarət etdiyi mühitdə, xüsusi avadanlıqlardan istifadə etməklə istehsal olunur, bütün mərhələlərdə məhsulun keyfiyyəti diqqətdən kənarda qalmır. Eyni səviyyədə keyfiyyətə nəzarət tökmə beton ilə ya mümkün olmur, ya da çox çətin olur və əlavə resurslar tələb edir. 

Yığma betonun quraşdırılması üçün praktiki olaraq heç bir hazırlıq işi tələb olunmur. Halbuki tökmə beton üçün əvvəlcə onun özü, daha sonra isə qəlibləri hazırlanmalıdır. 

Yığma betonun istehsal prosesində beton konstruksiyaların bağlanması üçün istilik izolyasiyasını təmin etmək mümkündür. Tökmə betonda isə izolyasiya şərtinə əməl etmək çətindir. Üstəlik, izolyasiyalı binaların istismarı zamanı elektrik enerjisinə qənaət etmək mümkündür. 

Yığma beton zavodlarının ixtiyarında müxtəlif qəliblər olur. Yəni, sifarişçiyə müxtəlif dizaynda xeyli sayda məhsul – seçim imkanı təklif olunur. Tökmə betonda isə bu baxımdan imkanlar məhduddur. Bu arada, zavod şəraitində istehsal zamanı divarların üzərinə müxtəlif dizayn formaları və rənglər də vermək olar. Zavoddan kənarda isə divarlara estetik görünüş vermək üçün əlavə işlər görülməlidir. 

Kənan Hüseynli