Torpaq üstündə qardaşını öldürənin məhkəməsi başladı

torpaq-ustunde-qardasini-oldurenin-mehkemesi-basladi
Oxunma sayı: 1002

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun məhkəməsi başlayıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

Təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Ş.Məhərrəmovun himayəsində 4 yetkinlik yaşına çatmayan uşağı var, həyat yoldaşı isə vəfat edib. 

1972-ci ildə Ermənistanın Amasya rayonunda anadan olan Şirxan Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitunda gözətçi işləyib. 

O, ittiham aktını almadığını bildirib. Buna görə də hazırlıq iclası aprelin 3-də davam etdiriləcək. 

Hadisə 2017-ci il oktyabrın 30-da Xızı rayonun Yarımça kəndində baş verib. 1972-ci il təvəllüdlü Məhərrəmov Şirxan Həsən oğlu qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan 51 yaşlı kişi vəfat edib.

Bildirilir ki, iki qardaş arasında uzun müddət torpaq sahəsi üstündə münaqişə varmış. Onlar növbəti dəfə mübahisə ediblər və bu zaman Şirxan Məhərrəmov 16 kalibrli təklüləli tüfənglə özündən 6 yaş böyük qardaşına atəş açıb. S.Məhərrəmov hadisə yerində ölüb.

Murad Əhməd