Torpaq yolla Bakıdan çıxmaq istəyən 200-ə yaxın sürücü cərimələnib

torpaq-yolla-bakidan-cixmaq-isteyen-200-e-yaxin-surucu-cerimelenib
Oxunma sayı: 1875

Sürücülərin qanunsuz yolla Bakıdan çıxmasının qarşısını almaq üçün polislər tərəfindən xüsusi texnika ilə qazılan yolları əlləri ilə dolduraraq torpaq yolla rayona icazəsiz gedənlər cərimələnib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iyunun 20-dən 21-nə keçən gecə sərt karantin rejiminin tətbiq edildiyi saatlarda Bakıdan çıxış üçün torpaq yoldan istifadə edən sürücülər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunub:

“Müvafiq icazəsi olmadan müəyyən olunmamış yollarla Bakıdan çıxmağa cəhd edən 200-ə yaxın sürücü cərimələnib. Bir daha bildiririk ki, həmin yollar xüsusi kameralar vasitəsilə müşayiət altındadır. Həmin kameralar vasitəsilə qayda pozan sürücülər müəyyən olunur. Odur ki, sürücülər özlərinə əziyyət verməsinlər. Lakin kimlərsə yenidən bu qaydanı pozmağa cəhd etsələr onlar barəsində karantin qaydalarının pozulmasına görə ağırlaşdırıcı hallar tətbiq olunacaq."

Murad Əhməd