İndi hamı toydakı vurhavurdan çıxanda “Allah xeyir eləsin” alqışını deyəndə belə fikrə gedir. Çünki hamı təzə cütlüyün gələcəkdə boşana biləcəyinə yer qoyur. Bu artıq çox normal hala keçib. Dəmdəsgahla ailə quranların qısa zamanda ayrılacağı adiləşib. Artıq boşanma olanda valideynlər əvvəlki kimi özünə əl qatmır, heç kəs utanmır, adam arasına çıxanda gözükölgəli deyil çünki, çox adam bu vəziyyətə düşüb. Vəziyyətə ha, artıq dərdə deyil. Günlərlə toy olunacaq restoranlar arasında götür qoy edən çütlüklər, nişanını, xınayaxdısını, toyunu borca girib yola verənlərin aqubəti ürək sızladır. Boşansa da, toy mərasimlərinin borcu hələ bitməyib. Ölkə insanı boşanmış statusu uğrunda elə bil yarışa girib. Ailə dəyərlərinə sadiq qalmaq, bir yasdıqda qocalmaq kimi ənənəni tarixə çeviririk.
Televiziyanın ailə haqqında söz-söhbətləri də bir tərəfdən ağıllarda çaşbaşlıq yaradır. Tez-tez ər dəyişən, qızlarla qol-boyun kef məclislərinin üzvü olan, xəyanətə haqq verənlər camaata dərs deyir. Hərə öz təcrübəsini bölüşür: “neyləyirəm əri, özümü əla saxlayıram”, “ağlı olan qız ərə getməz bu zamanda”, “kişinin işi gəzib dolanmaqdır”, “kişi istədiyini etməlidir, qadın dinməz olmalıdır” və s. İş ondadır ki, bu şüar müəllifləri el arasında hörmətli olanlardır, 10-15 minə toy tutan özünə “sənətkar” adı verənlərdir.
ANS telekanalında “İncə maraqlar” adlı bir veriliş var. Güya zənən əhlinə geyinib-keçinməyi, “arvad” olmağı öyrədirlər. Fikrimcə, aparıcı Elnarənin “maraqlarının” sayəsində bunun heç birinə nail olmaq mümkün deyil. Veriliş boyu o qədər qarışıq söhbətlərə şahidlik etmək mümkündür ki, bir də baxırsan aparıcı sağollaşır. Ən əvvəl aparıcının mövzudan kənar zövqsüz geyimi və bu geyimlərin satıcılarını “şedevr” kimi təqdim etməsi gülüş yaradır. Belə qənaətə gəlirsən ki, bədən quruluşuna uyğun olmayan paltarları əyninə pərçimləyən aparıcının güzgüsü yoxdur.
Güya qadınları idman etməyə çağıran Elnarənin studiya doşəməsinə uzanıb verilişinin qonağına bu vəziyyətdə sual verməsinə ad tapmaq çətindir. Baxmayaraq ki, bu onun üçün səmimi görünür, dünya TV praktikasından götürülmüş nömrəyə bənzəyir. Bir sözlə, aparıcının işi vaxt keçirməyə, əylənməyə bənzəyir, hərdən yayımda olduğunu unudur.
Olub ki, verilişə gələn qonağın hansısa heç ağzını açmadan gedib. Həmkarı Rövşanəni bu məqamda üstələyən aparıcı qonaqlarını dinləmək o tərəfə qalsın, ağzını açmağına da fürsət vermir. Veriliş mövzusunun əsas, ekspert qonağı kənarda qalır, Elza Seyidcahanlar, Nadir Qafarzadələr filosofluq edirlər. Son verilişdə isə mövzu vətəndaş və rəsmi nikahlar idi. Studiya qonaqlarının bir-birinin fikrinə hörmətsizlik etməsi, birinin küsməsi, o birinin dil-dodağa qoymaması “təcrübəli” aparıcının səriştəsizliyindən irəli gəlirdi. Hələ veriliş gedə-gedə qonaqların selfie çəkdirməsi isə tamaçaşıya hörmətsizlik idi. Ailəli olmayan aparıcının ailə məsələlərindən dəm vurması, alimlik iddiaları tamşaçını zara gətirirdi. Ən pis hal isə odur ki, müsahibələrində də milli ailə ənənələrinə qarşı çıxan, Avropa “ailəsizlik” adətlərinə dəstək verən aparıcı verilişboyu fikirlərini qorudu.
Nikaha girmədən ailə kimi vətəndaş nikahında (qeyri-rəsmi nikah) yaşamağın tərəfdarı olduğunu müdafiə etdi. Əvvəldə də dediyim kimi, TV bu yerdə “ailəsizliy”in təbliğinin öhdəsindən yaxşı gəldi. Elnarə azərbaycanlı qızlarını rəsmi nikahdan kənarda istənilən şəxslə yaşamasına normal yanaşdığını bir daha sübut etdi və bu çox bərbad nümunə idi.
Həmin gəncin sevincək “məndən olsa heç vaxt toy etməzdim, nəyə lazımdır” fikri isə saysız tamaşaçı üçün bəlkə də ağlabatan idi. Yenə də aparıcı Elnarə bu fikri gözəl məqsəd və xeyirli iş kimi təqdim etdi. Səmimiyyətinə inandım. “Gəlinlik geyinmədən uşaq doğa bilərəm” etirafını edən aparıcıdan normal dəstək idi. Kim şəxsi həyatında nə istəyir etsin, amma ekran-efir heç kəsin şəxsi həyatı deyil, tamaşaçıya hörmət etməlisiz!