Tramp Ərdoğandan sonra Öcalanın “oğlu” ilə danışıq aparıb

tramp-erdogandan-sonra-ocalanin-oglu-ile-danisiq-aparib
Oxunma sayı: 2696

ABŞ Prezidenti Donald Trampın PKK başçısı Abdullah Öcalanın mənəvi övladı, YPG qruplaşmasının liderlərindən biri olan “Məzlum Kobani” ləqəbli Fərhad Abdi Şahinlə telefon danışığı olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Vitse-prezidenti Mayk Pens Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Məlumata görə, Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriyanın şimalında aparılan “Sülh Çeşməsi Hərəkatı” ilə bağlı telefon danışığından sonra “Kobani”yə zəng edib.

Pens telefon danışığının təfərrüatlarını açıqlamayıb.

Abdullah Öcalan və Fərhad Abdi Şahin

Daha sonra respublikaçı senator Lindsi Qrem da sözügedən telefon danışığı ilə bağlı məlumat yayıb. 

Senatorun sözlərinə görə, Tramp Fərhad Abdi Şahinə Türkiyənin apardığı hərbi əməliyyatlara mane olmaq üçün əlindən gələn hər şeyi edəcəyini və müzakirə yolu ilə bütün partiyaların maraqlarına uyğun anlaşma əldə olunmasını istədiyini deyib.

Qeyd edək ki, “Kobani” Türkiyə Daxili İşlər Nazirliyinin tərtib etdiyi “qırmızı siyahı”dadır. Onun başına 4 milyon TL pul mükafatı qoyulub.