Trampdan immiqrasiya ilə bağlı ikinci fərman - İraq siyahıdan çıxarıldı

trampdan-immiqrasiya-ile-bagli-ikinci-ferman
Oxunma sayı: 1633

ABŞ prezidenti Donald Tramp immiqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı yeni fərman imzalayıb.

Qafqazinfo”nun “Reuters”ə istinadən verdiyi məlumata görə, fərman martın 16-da qüvvəyə minəcək.

Fərmana əsasən, 6 ölkə- İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının 90 gün ərzində ABŞ-a girişlərinə qadağa qoyulub.

ABŞ Milli Təhlükəsizlik Nazirliyi bildirib ki, Bağdad öz vətəndaşları ilə bağlı Amerika hökumətini yaxşı məlumatlandırdığından İraq siyahıdan çıxarılıb.

Bundan əlavə, qaçqınların qəbul proqramı 120 gün ərzində dayandırılıb.

“Ria Novosti” xəbər verir ki, Ağ Evin nümayəndəsinin sözlərinə görə, müvafiq fərman müsəlmanların ölkəyə girişinə qadağa hesab olunmur: “Bu, hazırda uğursuz dövlət sayılan və ya terrorçuluğa dəstək olan ölkələrin vətəndaşlarının ölkəyə girişinə müvəqqəti qadağadır”.

Xatırladaq ki, Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair ilk fərmanı imzalayıb. Ölkədə kütləvi etirazlara səbəb olan sənədin icrasını Appelyasiya Məhkəməsi qadağa edib.