“Trampın sosial şəbəkələrlə bağlı qərarı Azərbaycana da təsir edəcək”

trampin-sosial-sebekelerle-bagli-qerari-azerbaycana-da-tesir-edecek
Oxunma sayı: 2457

“ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı verdiyi qərar Azərbaycana da təsir edəcək və analoji qərarın verilməsinə gətirib çıxaracaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev sosial şəbəkədə paylaşdığı yazıda qeyd edib. Bildirib ki, bu qərar birmənalı olaraq daha çox vətəndaşların maraqlarının qorunmasına yüklənib: 

“Hər kəs bu qanunda vətəndaş maraqları baxımından nəzərdən keçirilir və bunu doğru sayıram. Çünki vəzifəli şəxslər də digər istifadəçilər kimi sosial şəbəkələrin qurbanı kimi nəzərdən keçirilir və siyasi fürsətçillərə yer qoymur. Bizdə də sosial şəbəkələrlə bağlı qərar verilən zaman istifadəçilərin söz azadlığını da qətiyyən məhdudlaşdırmaq olmaz. Amma verilən qərar  vəzifəli şəxslər də daxil istifadəçiləri qeyri-etik məzmundan qorumalıdır.

Qeyri-etik, arzuolunmaz məzmunla bağlı sosial şəbəkə şirkətləri məsuliyyət daşıyır və bizim qanunda bu öz əksini tapmalıdır. YouTube və Facebook sosial şəbəkələrində xüsusi olaraq Prezidenti və ailəsini təhqir etmək üçün səhifələr yaradılıb. Əgər dövlətin birinci və ikinci şəxsləri təhqirə məruz qalırlarsa, digər vəzifəli şəxslərdən və adi istifadəçilərdən danışmağa dəyməz. Bu məsuliyyəti birbaşa Facebook, YouTube və Google-un rəhbərliyi Mark Zuckerberg, Sergey Brin, Larry Page və Sundar Piçay daşıyır. Prezident və ailəsi ilə bağlı təhqirlər günlərlə, aylarla qalır, pozulmur. Azərbaycan yeni qanunla tələb etməlidir ki, bu şirkətlər ölkə üzrə nümayəndə təyin etsinlər və onlar arzuolunmaz məzmunu pozmaq, qadağan etmək səlahiyyətinə malik olsunlar. Yoxsa, biz günlərlə çalışıb şirkətdə hansısa mininci adama çıxıb filan səhifəni bağla və ya filan yazını pozun deyə bilmərik. Hesab edirəm ki, sosial şəbəkələrə qanunvericiliklə naşir statusu verilməlidir, indiki forum statusu onları qanundankənar qoyur”. 

Millət vəkili əlavə edib ki, qanunla tənzimləndiyi təqdirdə hər bir online media qurumu, blogger, şirkət paylaşımlarının altında yazılan şərhlərə görə məsuliyyət daşıyacaq: “Hər bir kəs qanunla məsuliyyət daşımalı və onun məsuliyyət dairəsi də qanunla aydın şəkildə göstərilməlidir. Lakin biz söz azadlığına toxunmadan bunun işlək mexanizmini də düşünməliyik. İşlək mexanizm olmasa, qanun qəbul olunsa belə idarə etmək mümkün olmayacaq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətini tənzimləməyə kömək edəcək və onların məsuliyyətdən müdafiə hüququnu ləğv edəcək fərman imzalayıb.