“Trol xidmətindən istifadə etmirik” - Meydan TV-yə cavab

trol-xidmetinden-istifade-etmirik
Oxunma sayı: 4471

Yeni Azərbaycan Partiyası ötən gün Meydan TV-nin partiyaya qarşı səsləndirdiyi ittihamlara münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, YAP-ın Mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:

“25.05.2021-ci il tarixində Meydan TV yutub kanalında feysbukda saxta səhifələrin yaradılması ilə bağlı yayılmış videoda Yeni Azərbaycan Partiyasının ünvanına əsassız ittihamlar səsləndirilib. 

Məlumat üçün bildiririk ki, qərəzli və birtərəfli qaydada material hazırlayan, jurnalistikanın prinsiplərini kobud şəkildə pozan Meydan TV Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinə müraciət etməyib, iddialarına cavab istəməyib. Eyni zamanda, videomaterialda ictimai fəal Bəxtiyar Hacıyevin əsassız olaraq Yeni Azərbaycan Partiyasının rəhbərliyini ittiham etməsi onun məsuliyyətsiz və qərəzli münasibətinin göstəricisidir.

Tam məsuliyyətlə bəyan edirik ki, Yeni Azərbaycan Partiyası nəinki “facebook”da, hətta bütün sosial şəbəkə seqmentlərində saxta hesablardan istifadə etmir, üzvləri, fəalları bu işə təşviq olunmur. Bu məsələ ilə əlaqədar “The Guardian” qəzetinin araşdırmasında da “Facebook” şirkətinin məsul əməkdaşı bildirib ki, “facebook”un Azərbaycan platformasında silinən 300-dən artıq saxta səhifənin Yeni Azərbaycan Partiyası ilə hər hansı əlaqəsi tapılmayıb. Bu da sübut edir ki, Yeni Azərbaycan Partiyası sosial şəbəkələrdə saxta hesablardan, eləcə də siyasi rəqiblərinə qarşı “trol xidməti”ndən istifadə etmir.

Saxta səhifələrlə yazılan rəylərin YAP-a aid olmasını sübut edən hər hansı fakt da yoxdur. Ehtimal oluna bilər ki, saxta profil və səhifələrlə yazılan rəylər YAP-ın nüfuzuna zərbə vurmaq üçün hansısa maraqlı qruplar tərəfindən hazırlanır. Bu baxımdan hesab edirik ki, Meydan TV-nin yaydığı böhtan xarakterli video da YAP-a qarşı aparılan qara piar kampaniyasının tərkib hissəsidir.

“Meydan TV”nin Yeni Azərbaycan Partiyası haqqında təhrif olunmuş, əsassız məlumatları yoxlamadan, dəqiqləşdirmədən yayması məhkəmə predmetinə də çevrilə bilər. Bu səbəbdən də, Meydan TV-dən tələbimiz ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası haqqında yayılan birtərəfli, böhtan xarakterli videomateriala görə jurnalistikanın etik qaydalarına və qanunların tələblərinə uyğun olaraq rəsmi üzrxahlıq edilsin, təkzib materialı yayılsın.

Əgər Meydan TV sosial şəbəkələrdə saxta hesablarla rəylər yazan, siyasi rəqiblərini təhqir edənlər barədə obyektiv araşdırma aparmaq fikrinə düşərsə, müvafiq məlumat və faktları təqdim edə bilərik”.