Tualetə get, sonra şəhərə çıx

tualete-get-sonra-sehere-cix
Oxunma sayı: 3433


Çoxu üçün biədəb görünən mövzunu dərdə çevirməkdə özümü heç təqsirli hesab etmirəm. Bizə bu problemi yaşadanlar utansınlar. Bir də deyilənlər, şəhər sahiblərinə olimpiya oyunları qabağı xatırlatma da ola bilər. Duyduq duymadıq deməyin, şəhərimizin tualetsizlik kimi böyük azarı var. Camaat çox əlacsız qalıb. Az qala böyüklü-kiçikli şəhərə çıxanda pampersdən istifadə etsin. Tualet yoxluğu bu günün dərdi deyil. Hər yeri malalayıb təzələyənlər necə olursa, ayaqyolu barədə fikirləşmirlər.

Sonuncu dəfə bu təbii ehtiyac məsələsi çoxu kimi bizimkilərin də başına bəla oldu.

O gün uşaqlarla şəhərdə gəzişirdik. Havanın isinməsi suya olan təlabatı da artırmışdı. Bizim uşaqlar qaçan, tutan qəbildəndi, su da çox içəndilər. İş o yerə çatdı ki, ayaqyolu vaxtları yetişdi və qaldım çarəsiz. Dənizkənarı parkda yeraltı tualetin olduğunu bilirdim. Onları dilə tuta-tuta həmin tualeti axtarırdıq. Uşaqlar üçün ətrafdakı saxta keçəl, kosa, səməni maketləri heç maraqlı deyildi, bir arzuları vardı, tezliklə özlərini ayaqyoluna çatdırmaqdı. Bayram günü özünü rüsvay etmədən “su başına” salamat yetirmək istəyənlər, tək bizimkilər deyildi. “Burada tualet haradadı?” sualı ilə gəzən, stressə girən o qədər böyük adam vardı ki. “Çox su içmək xeyirlidir” məsləhətini verən mən uşaqları hirsimdən su içdiyi üçün danladım, arada tez-tez müsahibə verən Dənizkənarı Park idarəsinin rəsmisi Nazim müəllimi “xoş” sözlərlə yad etdim. Nəhayət, uşaqlar “T” hərfini görüb sevindilər. Onlara pul verib, ayaqyoluna göndərdim. Amma az sonra balacam ağlamış kimi geri qayıtdı ki, “orda çox adam var, növbədi”. Gündən-günə gözəlləşən şəhərimin, Bakımın tualetdən çəkən vətəndaşı kimi içim qaraldı. Beləcə, uşaqlarla üz tutduq, Fəvvarələr meydanına. Artıq uşaq mağazalarının yerini dəqiqləşdirirdim ki, birdən biçarələrim işdi, özlərini batırsalar, yeni paltar alıb dəyişərəm. Ağac, divar dibi əsla bizim “qanun”larda yoxdur. Yəni, məcbur edilsə belə, böyük danışmaq olmasın, uşaqlarım bunu etməzlər. Amma belə halda, çox üzr istəyirəm, haqlı olaraq lap böyük adamın da Bakı Meriyasının binasının divar dibini ifrazatı ilə murdarlamağa haqqı var. Bakıya sahiblik edənlər, xırda köşkün yerini əla bilənlər, neçə ictimai tualetin olduğunu da yaxşı bilirlər. Vaxtilə, Fəvvarələr meydanını təmir edəndə də tualeti ləğv etdilər. İndi hamı tualet üçün meydanda olan kafe, restorana daraşıb. Mc Donalds-ın tualeti müştəridən çox, ayaqyolu üçün küçədən keçənin məskəninə çevrilib. Rüsvayçılıqdır. KFC kafesi isə orada yeyib-içməyəni tualetinə buraxmır. Kassa qəbzini göstərmədən tualetdən istifadə qadağandır. Başqa sözlə, ayaqyolu üçün yanıb tutuşsan da, əvvəl yemək-içmək almalısan. Məsələ ondadır ki, yemək sifariş vermək üçün də növbədə dayanmalısan. Onda da ya biabır olmalısan, ya da tualet nəzarətçisinə hörmət etməlisən ki, uzüağ olasan. İndi bizimki də belə gətirib.

İndi deyin görək, tualet mədəniyyəti olmayan ölkəmizdə başqa mədəniyyətləri müdafiə etməyə nə dərəcədə haqlıyıq? Təklif edirəm ki, ölkəyə tualet çadırları gətirilsin. Heç olmazsa, bayramdan-bayrama şəhərin adamı gur olan yerdə qoyulsun. Bu çadır necə quraşdırılsın bilmirəm, özünüz fikirləşin. Ya da yaxında ölkəyə gələcək əcnəbilər nəzərə alınaraq, onlar üçün “pampers” pulu da ayrılsın. Yoxsa, əcnəbi bizim kimi dözümlü deyil ha…Yəqin xatırlayırsız, bir neçə il əvvəl ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasie tualet tapmadığından təbii ehtiyacını yol kənarındaca etmişdi. Utanmaz Bernar…