Görəsən, çölə çıxıb evə qayıdanda mənim kimi sağ-salamat qalacağını nə qədər adam arzulayır? Vəziyyət necə yaranıb ki, avtobusla getmək bizim üçün böyük dərd olub. Ona görə yox ki, həmişəki kimi bu bizə hövsələmizi basmaq hesabına başa gəlir. Sürücü sərf edən yerdə maşını saxlayır, ürəyi istəyəndə kimləsə söhbət edir. İndi bizim dərdimizə bir dərd də əlavə olunub.
O qədər problem içində indi də gəl, salamat qalmaq dərdini çək. Bu barədə çox şikayət, narazılıq eşidirik, söyüşlə bitən, hörmətsizliklə başlayan mübahisələrə şahid oluruq. Nə olsun? Avtobus sürücüləri deyir. “Dəli nəzərəm, belə gəzərəm”. Elə bil ailəsindən küsən, yuxusunu qarışdıran, başına soyuq dəyən bir qrup adam elə sürücülük etməyə dəvət olunub. Avtobusda “siqaret çəkmək olmaz!” göstərişini saymayan, mobil telefonunla istədiyi vaxtda, istədiyi tonda danışan o qədər sürücünün, hansının adını çəkək. Çoxluqla psixoloji vəziyyəti qara gündə olan, əsəb içində avtobus idarə edən sürücünü xəttə buraxanımı söyək? Deyəndə ki, “sürücü də bir parça çörəyə işə çıxır”,bu məqsədlə alınının təri ilə işləyəni barmaqla göstərmək olar. Çünki Nəqliyyat Nazirliyinin sürücülər üzərində nə sözü keçir, nə də özünün dediyi ilə əməli üst-üstə düşür.
Belə çıxır ki, biz avtobusa minməmək üçün çölə çıxmayaq? İctimai nəqliyyatın anasın ağladanlar tək sürücülərdirmi? O boyda nazirlik gecə-gündüz baş sındırıb təzə qaydalar çıxarır. Sürücülərə xüsusi kurslar keçiləcək, sürücüyə tərbiyə veriləcək, mədəniyyət, sərnişin ilə davranış qaydaları öyrədiləcək. Hətta lazım olsa ikinci, üçüncü dil də tədris olunacaq. Çox gülməlidir. Axı sürücünün adam daşıması belə yadından çıxıb. Avtobusda tum çırtlayan, özü də bir əli sükanda ola-ola su butulkasını başına çəkən sürücüyə tərbiyə hansı mərhələdən veriləcək? Son siqaretini götürüb qutusunu pəncərədən tullayan, ağzına gələni danışıb əsəbini camaatın üstündə sınayan necə sürücü tərbiyə götürəcək? Bütün bunları da keçdik, maşını istədiyi sürətlə sürən, “avtoş” luğun kitabını yazmağa tələsən sürücülər, hansı çubuqla əhəliləşdiriləcək?
Biz canımızdan bezməmişik. Avtobusa da çox halda tək minmirik. Övladımızı ona görə arzulayıb həyata gətirməmişik ki, hansısa gözü qızmışın günahı ucbatından itirək. Avtobusa da ona görə minmirik ki, ictimailəşək. Biz sadəcə iş-güc dalınca gedirik. Ya Nəqliyyat Nazirliyi belə sürücülərin ağlını başına gətirməli, ya da növbəti qurbanları gözlədiyini sevinclə bəyan etməlidi. Hələ ki, mövcud özbaşnalığa sahib çıxan yoxdur. Deməyin ki, balığın başı artıq iy verir….
Son xəbərlər
Son Xəbərlər