Tumançaq böyüməyin aqibəti

tumancaq-boyumeyin-aqibeti
Oxunma sayı: 2260


Heç vaxt ağlıma gəlməzdi ki, illər bu qədər sürətlə ötüb keçəcək. Həmin vaxt Nahid bələkdə olduğu üçün 30 il əvvələ ekskursiya edəcəyik. Doğru deyiblər ki, uşağın yaddaşı güclü olur. Nahid doğulanda hələ 10 yaşımı tamamlamadığım üçün Simuzər ananın onu necə sevib-əzizlədiyi indiki kimi gözümün qabağındadır...

Nahid üç bacının tək qardaşıdır. Üç qızdan sonra oğlan uşağının dünyaya gəlməsi valideynləri sevincə boğmuşdu. Məhəllənin sonbeşiyi olduğu üçün hamı Nahidə öz övladı kimi qayğı göstərirdi.

İş-güc çox olduğu üçün isti yay günlərini, adətən, həyət-bacada keçirirdik. O vaxt ermənilər kəndimizi işğal etmədiyi üçün həyətimizdəki iri tut ağacı bizi qızmar günəşdən qoruyurdu. Anası Nahidi hər gün özü ilə bizə gətirirdi. Yadımdadır, Simuzər ana uşağın bələyini dəyişəndə hamı onun başına yığışırdı. Hətta rəhmətlik nənəm bunu bir-iki dəfə Simuzər anaya irad tutmuşdu. Onun cavabı isə belə olmuşdu: “Ay xala, qızları küncdə-bucaqda bələməkdən bezmişdim. Həmişə Allaha yalvarırdım ki, bir oğlum olsun, onun bələyini ürəyim istədiyi yerdə aça bilim. Bu uşağı tumançaq böyüdəcəyəm”.

Aramızda yaş fərqi olduğu üçün heç vaxt Nahidlə yoldaşlıq etməmişəm. Yayda həyət-bacada onu həmişə tumançaq görürdüm. Simuzər ana arzusuna çatmışdı...

1993-cü ildə fələk taleyimizə köçkün ömrü yazıb, hərəmizi bir tərəfə atdığı üçün Simuzər ana və onun övladları ilə əlaqəmiz kəsildi. Biz bir-birimizdən xəbər tutanda Nahidin 15 yaşı vardı. Hər dəfə onun adı çəkiləndə anası gözlərindən bıldır-bıldır yaş axıdırdı. Son dərəcə bədxərc uşaq olan Nahid saysız-hesabsız tələbləri ilə anasının da, bacısının da həyatını zəhərə döndərmişdi.

Biz Simuzər ana ilə sonuncu dəfə kənddəki qonşularımızdan birinin oğlunun toyunda görüşmüşdük. Etika xatirinə Nahidi soruşanda qadının dərdi təzələnmişdi. Məlum olmuşdu ki, hərbi xidmətdən qaçdığı üçün onu həbs ediblər.

İndi o vaxtdan 11 il keçir. Nahid cəzasını çəkəndən sonra Rusiyaya gedib. Deyirlər ki, anası öz əlləri ilə onu Rusiyaya yola salıb. Beləliklə, arvad fərsiz oğuldan birtəhər canını qurtara bilib.

Nahidin Rusiyada hansı işlə məşğul olduğunu heç kim bilmir. Deyilənə görə, özündən 10-12 yaş böyük olan rus qadını ilə yaşayır. Ötən gün qohumlarından biri deyirmiş ki, Nahid 11 ildə anasına bir cüt corab almayıb.

Simuzər ana indi qızlarının yanında qalır. Oğul sarıdan bəxti gətirməsə də, kürəkənləri yaxşı adamlardı. Qadın mehrini nəvələrinə salıb, can-başla onları böyüdür. Çalışır ki, Nahidin tərbiyəsində yol verdiyi səhvi bir də təkrarlamasın...

Bir müddət əvvəl də bu mövzuya toxunmuşdum. Azərbaycanda uşaqların tərbiyəsində ayrıseçkiliyə yol verilir. Təəssüf ki, qızlarını gözümçıxdıya salan bəzi valideynlər oğlanlarına maksimum sərbəstlik verirlər. Qızlardan fərqli olaraq, ən yaramaz hərəkətləri belə oğlan uşaqlarına yaraşdırmağımız gələcəkdə böyük fəsadlara yol açır. Narkotik maddələrin istifadəçilərinin sayının artması, oğurluq, quldurluq, zorakılıq hallarının baş verməsi ilk növbədə oğlan uşaqlarının düzgün tərbiyə olunmaması ilə bağlıdır. Halbuki qızın da, oğlanın da tərbiyəsi ilə hələ bələkdəykən məşğul olmaq lazımdır. Tumançaq böyüyən uşaq axırda Nahid kimi xeyirsiz övlad olur...