Milli.Az xəbər verir ki, 4 hərəkət zolağından ibarət olacaq tunelin uzunluğu 940, eni isə 16 metrdir. Piyada keçidinin uzunluğu 105, eni 16, hündürlüyü isə 3 metrdir.
Son tamamlanma işləri gedən keçid və tunel ən yaxın zamanda sakinlərin istismarına veriləcək. Bu barədə Milli.Az-a “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. "Həmin tikinti gedən yerdə bir neçə yenilik olacaq. Orada, həmçinin yeraltı maşın keçidi də olacaq. Əlavə olaraq orada sakinlər üçün dörd girişi və çıxışı olan piyada keçidi inşa olunur.
Piyada keçidindən hazırda istifadə olunur, amma tam hazır olmadığına görə təhvil verilməyib. Həmin istiqamətdə maşınlar çox işlədiyinə görə işlərimiz bir az uzanıb.
Avtomobil keçidi də ən qısa bir zamanda istismara veriləcək. Demək olar ki, hər bir şey hazırdır, sadəcə bəzək işləri və s. kimi xırda detallar qalıb. Onlar da hazır olan kimi maşın keçidi və piyada keçidinin açılışı olacaq" - Pünhan Mürsəliyev bildirib.
Onu da qeyd edək ki, tunel istifadəyə verildikdən sonra M.Nərimanov küçəsi ilə hərəkət edən avtomobillər şəhər istiqamətinə, “5-ci Köndələn” küçəsinə və hava limanına heç bir mane olmadan gedə biləcəklər.