Coğrafiya fakültəsini bitirməyimə baxmayaraq, Ceyms Kuk olmağı, yəni gəzərgiliyi sevmirəm, çünki dünyanın səthi gözəlliyinin arxasındakı eybəcərlikdən xəbərim var.
Adi bir misal: hicri-qəməri tarixinin isfənd ayında süləngəc bir dostuma qoşulub, həyət-bacalarında çəkmələri özlərindən yekə olan uşaqlardan və beli bükülmüş qocalardan başqa kimsənin gözə dəymədiyi, yastı-yapalaq komalarında dul gəlinlərin həyatdan gizləndiyi, cavanların yarısının torpağın altına, yarısının ərşə çəkildiyi əyalətlərimizdən birinin beş-altı kəndini gəzməli oldum; hər yerdə Rusiyada alver edən cavanların göndərdiyi pullar hesabına tikilmiş məscidlərin təmtərağını və elə həmin rusların imperiya zamanı tikdiyi məktəblərin xarabalıqlarını gördüm.
Din saraylara, elm xarabalıqlara sığınmışdı gəzdiyim kəndlərdə. Elm olmadığı üçün insanlar mənəvi toxtaqlığı səmavi səltənətdə axtarırdılar. Bir üzünə baxanda, bu mənzərə tamamilə doğrudur, çünki tarixi ənənələrə söykənir. Şərqdə, o cümlədən Azərbaycanda təhsil ocağı dedikdə adamın yadına yalnız dini təmayüllü mədrəsələr, molla, falaqqa düşür ki, orada da, Sabir demiş, yazı yazanda molla şəyirdi döyürmüş. Qori seminariyasını Azərbaycan təhsilinin, maarifçiliyinin beşiyi, əsgi üstə qoyanı adlandırıb, keçək bu şəyirdin döyülmə məsələsinə.
Ümumiyyətlə, dünyanın bütün mədəni xalqları öz övladlarını döyə-döyə oxudublar; hətta səhv etmirəmsə, ingilislər bu gün də tədrisdə və tərbiyədə çubuqdan istifadəni yığışdırmayıblar. Onlar bunu həm də onunla izah edirlər ki, uşağa kiçik yaşlarından dünyada cəzanın mövcudluğunu aşılamaq lazımdır. Ancaq cəzanın nə üçün verildiyi uşağa mütləq izah olunmalıdır.
Biz həm ailədə, həm də məktəblərdə uşaqlarımızı pota balası kimi döyəcləsək də, yazıqlar yalnız böyüyüb arvad-uşaq sahibi olandan sonra anlayır ki, onu otuz il bundan əvvəl nə üçün cığnayırmışlar. Cəzanın növü də uşağın tərbiyəsinə, təhsilinə ciddi təsir göstərən amildir.
Biz uşaqlarımızı cəzalandırmırıq, biz onları təhqir edirik. Məsələn, oxuduğum orta məktəbdə müəllimlər dərsi hazırlamayan, yaxud hazırlamaqda çətinlik çəkən şagirdləri ağına-bozuna baxmadan lövhənin qabağına çıxarır və nisbətən hazırlıqlı şagirdlərə əmr edirdilər ki, tənbəllik edib, dərsi əzbərləməyən yoldaşının üzünə tüpürsünlər. Sonra da üzütüpürcəkli şagirdə əmr edirdilər ki, üzünü dərs boyunca təmizləməsin.
Bəzən, tutaq ki, Abbas Səhhətin “Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim” tipli boğazdanyuxarı pafosla yazdığı şeirini əzbərləyə bilməyən şagirdin üzünə o qədər tüpürürdülər ki, zavallının bütün sir-sifəti gözyaşına və tüpürcəyə bələnirdi. Üzətüpürmə şəxsən mənim oxuduğum məktəbdə – SSRİ zamanında – ən geniş yayılmış cəza növü idi və dəhşətlisi bu idi ki, bu cəza uşaqların – istər oxuyanlar olsun, istərsə də savadsızlar – təhsilini, tərbiyəsini yaxşılaşdırmaq əvəzinə, onları daha da sırtıqlığa və bir-biriləri ilə düşmənliyə sövq edirdi.
Artıq uşaqlıqdan millətin balalarının bir-birilərini sevməmək, bir-birilərinə nifrət etmək, bir-birilərinin üzünə tüpürməyin ənənələri qoyulurdu.
Bu ənənələr daha sonra bir-birilərini şərləməyə, bir-birilərinə yaltaqlanmağa, hətta bir-birilərini öldürməyə qədər gətirib çıxaracaqdı. Bax, mən buna görə Prejvalski ola bilmədim ki, heç olmasa, balacaboy bir at kəşf edim.
1937.az
Son xəbərlər
Son Xəbərlər