Tural Abbaslı azadlıqda...

tural-abbasli-azadliqda
Oxunma sayı: 1494


Vaxtından əvvəl buraxılmasının səbəbləri barədə danışdı: “Məni qarşılamaq istəyən insanlara mane olmaq üçün məni vaxtımdan 5 saat əvvəl azad etdilər. Məlumdur ki, bizi saxladıqları vaxt ilə hesablayıb, azad etməli idilər. Bunlar təcridxana qarşısına insanların yığılmağından belə qorxurlar. Ona görə də, səhər tezdən insanların yığılmasının mümkün olmadığı , iş yerlərinin açılmadığı vaxt bizi azad edirlər. Əslində saat 14:30-da azadlığa çıxmalı idim. Hakimiyyət sona qədər öz çirkin oyunlarından istifadə edir. Bu gün Şəfi Şəfiyev də sərbəst buraxılacaq. Orxan Eyyubzadənin  5 günü qalıb”.

Tural Abbaslı həbsinin əsassız olduğunu bildirdi: “Həbsimi qeyri-qanuni hesab edirəm. Çünki bizi ittiham etdikləri 298.2 maddəsi ilə heç bir əlaqəmiz yox idi. Ora bir istirahət parkı idi. Aksiya keçirmək üçün icazə almağa borclu deyildik. Məhkəmənin önündə kimi gəldi, tutdular. Bu bir daha Azərbaycan hakimiyyətinin gənclikdən necə qorxduğunun göstəricisidir. Bu həbsləri qeyri-qanuni hesab edirəm. Təəssüflər olsun ki, bütün bunlar artıq Azərbaycanda adi hala çevrilib. İqtidar bizi həbs etməklə bir daha mahiyyətini hər kəsə göstərdi. Bu hərəkətlərlə hakimiyyət yalnız özünü gözdən salır. Xalq ilə öz arasında olan uçurumu daha da dərinləşdirir”.

Gənc fəal həbsdə olduğu müddətdə ona, ailəsinə dəstək olan mətbuat orqanlarına, dostlara öz təşəkkürünü bildirdi: “Həbsdə olduğum 15 gün ərzində dostlarımın , əqidədaşlarımın mənə mənəvi dəstək olduğunu görürdüm.  Mətbuat orqanları daim bizə dəstək oldu. Başda “Yeni Müsavat” qəzeti olmaqla, bizə dəstək olan bütün mətbuat orqanlarına,  ailəmi tək qoymayan bütün insanlara da öz təşəkkürümü bildirirəm”.