Tural Əfəndiyev hemofiliyalı uşaqların böyük dostudur

tural-efendiyev-hemofiliyali-usaqlarin-boyuk-dostudur
Oxunma sayı: 2178

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova 30 Saylı Suraxanı Birinci Seçki Dairəsindən deputatlığa namizəd, “İlyas Əfəndiyev Beynəlxalq Fondu"nun  prezidenti Tural Əfəndiyev haqqında məqalə yazıb. “Qafqazinfo”ya daxil olan məqalədə bildirilir ki, SSRİ dağıldıqdan sonra səhiyyəmizdə baş qaldıran böyük problemlər ucbatından hemofiliya xəstəliyinə düçar olmuş uşaqlar da dərman preparatlarının çatışmazlığından çox əziyyət çəkirdi. Nəzərə alsaq ki, sovet rejimi dövründə bu sahəyə çox az maliyyə ayrılır, istehsal olunan dərman preparatları təsir qüvvəsinə görə çox bəsit idi, yəqin ki, problemin nə qədər kritik olduğunu hamı təsəvvür edə bilər.

Xoşbəxtlikdən müstəqilliyimizi bərpa edəndən sonra, bu bəsit müalicə üsulları aradan qaldırıldı, yəni keyfiyyətli müalicə və dərmanlar əlçatan oldu. Bu cür müsbət tendensiyalar fonunda 1997-ci ildə hemofiliyalı xəstələri bir araya gətirərək Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasını yaratdıq və qarşımıza cəmiyyəti bu problemlə yaxından tanış etmək, hemofiliya xəstələrinin səhiyyə, təhsil və sosial problemlərinin həll etmək, onları cəmiyyətə inteqrasiya etmək kimi məqsəd və vəzifələr qoyduq. Bunun üçün isə həm yerli, həm də xarici və beynəlxalq təşkilatlarla əməkdaşlığa başladıq.

Dövlət orqanları öz vəzifələri çərçivəsində müvafiq qanunvericilik və maddi-texniki bazalarının təkmilləşdirilməsi üzrə işlərin icrasını təmin etsələr də, bu sahədə olan problemlərin aradan qaldırılması üçün daha konseptual və hədəfli layihələrin həyata keçirilməsi və burada vətəndaş cəmiyyəti institutlarının iştirakı tələb olunurdu.

Beynəlxalq əməkdaşlığımız və xarici təcrübənin öyrənilməsi nəticəsində hemofiliyalı xəstələrin problemlərinin həllini ehtiva edən qanun layihəsi və dövlət proqramı üzərində böyük əzmkarlıqla çalışdıqdan sonra qanun layihəsi Milli Məclisdə qəbul olundu, cənab Prezident İlham Əliyevin sərəncamı ilə dövlət proqramı təsdiq olundu və 2006-cı ildən fəaliyyətə başladı. Əvvəllər bizə xəyal kimi görünən arzularımız artıq 2006-cı ildən gerçəkləşdi. Belə ki, tapılmayan dərman preparatları dövlət büdcəsi hesabına xaricdən Azərbaycana gətirildi. Bununla da xəstələrimizin vəziyyəti xeyli yaxşılaşdı.

Bu dərman preparatlarını aldıqdan sonra uşaqları sosiallaşdırmağa başladıq. Sosiallaşdırmaq dedikdə həmin xəstəlikdən əziyyət çəkən uşaqların cəmiyyət arasına çıxması, inteqrasiyası nəzərdə tutulur. Həmin uşaqların istər incəsənət yönlü, istərsə də mədəni-maarif tədbirlərində iştirak etmək imkanları yarandı və genişləndi. Bu sahədə İlyas Əfəndiyev Beynəlxalq Fondu bizə böyük dəstək oldu. Təşkilatımızın İlyas Əfəndiyev Beynəlxalq Fondu ilə 2007-ci ildən başlayaraq əməkdaşlığı hemofiliyalı uşaqların həyat eşqini və yaşamaq həvəsini daha da artırdı. Fond tərəfindən hemofiliyalı uşaqlar üçün həyata keçirilən layihə, aksiya və tədbirlər təkcə təhsil və mədəniyyət fəaliyyətini deyil, həm də mərkəzimizə edilən maddi və mənəvi yardımları da əhatə edir. Biz İlyas Əfəndiyev Beynəlxalq Fondunun vasitəsilə həm də bir çox yerli və xarici təşkilatlarla əməkdaşlığa nail olduq. Bu əməkdaşlığımızın nəticəsində assosiasiyamızın əlaqələri xeyli genişlənərək, hemofiliya ilə bağlı məlumatların ölkə ictimaiyyətinə çatdırılmasına kömək edirdi. Buna görə biz fondun prezidenti Tural Əfəndiyevə dərin təşəkkürümüzü bildiririk.

Bununla yanaşı qeyd etmək lazımdır ki, Tural müəllim həmçinin bizim uşaqların vəziyyəti ilə də yaxından maraqlanır. O, əlindən gələni edir ki, uşaqların qəlbini sevindirsin. Bu dəstək sayəsində hemofiliyalı uşaqlar mənəvi baxımdan özlərini daha da qüvvətli hesab edirlər. Həqiqətən, xəstə insanların diqqətə və qayğıya daha çox ehtiyacı var. Və bu xeyirxahlıqla dolu nəvaziş hissini Tural müəllim heç zaman bizim təşkilatımızdan, xəstə uşaqlardan və hətta onların ailə üzvlərindən belə əsirgəməmişdir. “Sağlam bədəndə sağlam ruh olar” söyləmişlər. Və uşaqlar özlərində bu ruh yüksəkliyinə Tural müəllimin birbaşa dəstəyi ilə nail olmuşlar. Məhz onun rəhbərliyi altında bir sıra tədbirlər keçirmişik.

Artıq 13 ildir ki, Tural müəllim gələcəyimiz olan uşaqların cəmiyyətdə sağlam yaşaması üçün böyük əmək sərf edir. Onun insanpərvər xüsusiyyətlərindən danışarkən, qeyd etmək istərdim ki, təşkilatımızın təzə-təzə yarandığı vaxtlarda dərman preparatlarının, peyvəndlərin saxlanma şəraiti aşağı səviyyədə idi. Bundan xəbər tutan kimi Tural müəllim mərkəzimizi soyuducu ilə təmin etdi. Az keçmədən, 2007-ci ildə təşkilatımızı lazım olan digər məişət və elektrik avadanlıqları ilə də təchiz etdi.

Hər Yeni il və Novruz bayramları günlərində müxtəlif mədəniyyət mərkəzləri və teatrlarda Tural müəllimin təşəbbüsü ilə uşaqlar üçün təmtəraqlı bayram tədbirləri, konsert və ədəbi-bədii gecələr təşkil olunur. Nəticədə uşaqlar nəinki əylənə və maariflənə, eyni zamanda yüksək bədii-estetik zövqünün formalaşmasına nail olur.

Hemofiliyalı uşaqlar əvvəllər qapalı şəkildə yaşayırdılarsa, məhz ilk dəfə Tural müəllimin təşəbbüsü, təşkilatçılığı və maddi dəstəyi ilə uşaqlar tədbirlərə qatılaraq, geniş ictimaiyyət arasına çıxmağa müvəffəq oldular. Uşaqlara təqdim olunan Yeni il və Novruz hədiyyələri onlar üçün həyatda ən qiymətli bəxşiş idi. Bütün bunlar onlar üçün bir ömür boyu yadda qalacaq xoş xatirələrdir.

Əlbəttə ki, Tural müəllimin bu kimi insani dəyərlərə sahib olması onun mənsub olduğu ailəsindən də irəli gəlir. Məlum olduğu kimi, Tural müəllim Azərbaycan ədəbiyyatının və teatrının görkəmli siması, böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin nəvəsidir.

Tural müəllimin şəxsi keyfiyyətlərindən söhbət açarkən, onun alicənab, xeyirxah bir insan olmaqla yanaşı, həm də əqidəli, ədalətli, dürüst bir şəxs olduğunu mütləq qeyd etməliyik. Bir sözlə, Tural Əfəndiyev - babası İlyas Əfəndiyevin əsər, roman və pyeslərində yaratdığı müsbət, ideal insan sürətlərini təcəssüm edən bir şəxsiyyətdir.