Turizm şirkətlərinin boykot aksiyası

turizm-sirketlerinin-boykot-aksiyasi
Oxunma sayı: 632

Səbəbinə gəlincə, «Türk Hava Yolları» ötən ilin dekabrından yerli turizm şirkətlərinə bilet satışına görə komissiya haqqı ödəməyi dayandırıb. Əvəzində isə heç bir bonus proqramı təklif etməyib. «Gilan Tourism» şirkətindən AzadlıqRadiosuna deyirlər ki, onlar «Türk Hava Yolları»ndan uyğun şərtlər gözləyirlər, əks halda əməkdaşlıq bərpa edilməyəcək.

«AZƏRBAYCANDA KOMİSSİYA HAQQI LƏĞV OLUNUR, RUSİYADA, GÜRCÜSTANDA QALIR»


Başqa şirkət – «Avil Travel»in direktoru İlqar İsmayılov deyir: «Dekabrdan bütün komissiya haqları ləğv olunub. Ancaq aviaşirkət Rusiya, Gürcüstan üçün komissiya haqlarını saxlayıb. Bundan başqa, nəinki bizim komissiya haqlarını yığışdırıb, qiymətlərdə də dəyişiklik olmayıb. Onlar qiyməti aşağı salsaydılar, deyərdik ki, sərnişinlərə faydası var. Ancaq belə olan halda ikitərəfli gəlir əldə edirlər. Həm bizim komissiya haqqını dayandırırlar, həm də qiymətlər dəyişilməz qalıb. Bundan da uduzan yerli turizm şirkətləridir».

«Türk Hava Yolları» baş verənlərlə bağlı turizm şirkətlərinə izahat veribmi? İlqar İsmayılov cavabında deyir: «Dünyada aviaşirkətlər bilet satışı ilə bağlı yeni sistemə keçirlər. Yeni sistemdə komissiya haqqı olmayacaq, şirkətlər komissiya haqqı yerinə özləri biletin üstünə qiymət qoyacaqlar. Ancaq, hələlik, buna vaxt var. Rusiya, Ukrayna, Gürcüstan bu sistemə keçməyiblər».

İlqar İsmayılov «Türk Hava Yolları»nın turizm şirkətlərinə sərfəli təklif verəcəyinə də inanmır:
«Turizm şirkətləri bir olsa, axıra kimi dediklərinin üstündə dursalar, yəqin «Türk Hava Yolları» nəyəsə getməyə məcbur olacaq. Ancaq əks halda aviaşirkətin belə addım atacağı gözlənmir».

THY: «HƏDƏLƏYİCİ ADDIMLAR NƏTİCƏ VERMƏYƏCƏK»


AzadlıqRadiosunun günboyu yazılı və şifahi müraciətlərinə baxmayaraq, «Türk Hava Yolları»ndan cavab almaq mümkün olmadı. Ancaq qurumun Bakı nümayəndəliyinin rəhbəri Fatih Güven «APA»ya açıqlama verib. O, Azərbaycan turizm şirkətlərinin «Türk Hava Yolları»nı boykot etməsiylə bağlı deyib ki, yeni sistemə keçid mərhələsində yarana biləcək bütün suallar müzakirə yolu ilə həll oluna bilər. Bundan başqa, həvəsləndirmə sistemi, əməkhaqqı və s. məsələlərin də müzakirəsi mümkündür.

Onun dediyinə görə, THY komissiya haqlarının ödəniş sistemini dayandıran ilk aviaşirkət deyil:
«Azərbaycanda fəaliyyət göstərən aviasiya şirkətlərinin, demək olar ki, hamısı komissiya haqlarının ödənilməsini artıq dayandırıb».

Fatih Güven deyir ki, bu sistemə keçid bütün dünyada baş verir, artıq Gürcüstanda da tezliklə bu sistemin ləğvi planlaşdırılır: «Bu sistemdən, hələlik, imtina edilməyən və ya sonradan həyata keçirilməsi planlaşdırılan ölkələrdə də bazara uyğun qiymətləndirmələr aparılır».

Yeni sistemin nəticəsi olaraq Azərbaycan turizm agentlikləri gəlir itkisi ilə üzləşəcəklərindən narahatdırlar. Fatih Güven isə deyir ki, əksinə, satışın yeni formasına keçid agentliklər üçün daha artıq gəlir əldə etmək imkanı yaradır: «Yeni formanın tətbiqinin ən yaxşı tərəfi odur ki, sərnişinlər bölüşdürmə kanallarına bərabər yanaşacaqlar. Yəni, bundan sonra eynidəyərli biletlərin müxtəlif agentliklərdə müxtəlif qiymətlərə təklif olunması problemi aradan qalxacaq».

Fatih Güven Azərbaycan Turizm Assosiasiyasının boykot qərarına hörmətlə yanaşdığını desə də, hədələyici addımların heç bir nəticə verməyəcəyini də dilə gətirib. Fatih Güven-ə görə, heç bir aviaşirkət öz iradəsinin başqaları tərəfindən idarə olunmasına yol verə bilməz. O, həmçinin AzTA-nı sərnişinlərin maraqlarının təmin olunması üçün sağlam düşünməyə və qəbul etdikləri qərarların məntiqi, qanuni olmasına diqqət yetirməyə dəvət Azər Mehtiyev edib.

«GÖZLƏYİRİK»

«Sky-life Travel» şirkətindənsə AzadlıqRadiosuna bildirdilər ki, aviaşirkət, hələlik, onlara heç bir təklif verməyib. Buna görə də gözləyirlər. «Bəs bu maraq davasında sərnişinlər uduzurmu» sualına cavab belə oldu:

«Bizim atdığımız addımlar həm də sərnişinlərin xeyrinədir. Çalışırıq onları başa salaq ki, bu, həm bizə, həm də onlara sərfəli olacaq».

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyevin fikrincə, «Türk Hava Yolları» dünyanın nüfuzlu aviaşirkətlərindəndir: «İnanmıram ki, indiki halda bu aviaşirkət öz imicinə zərbə vura biləcək addım atsın. THY bu addıma gedirsə, deməli, doğrudan da dünyada qəbul edilmiş sistemə keçir. Azərbaycandakı turizm şirkətlərinə baxdıqda, onlar ancaq komission haqqı yığmaqla məşğuldur. Yəni, əsas işi bilet satmaqdır, səfərlərə yardımçı olmaqdır, gəlirləri də burdan formalaşır. Bu baxımdan THY-nin addımı, əlbəttə, onların maraqlarına ziddir. Təbii ki, bu, qiymət artımına və müştərilərin azalmasına səbəb ola bilər».

Üç gün içində tərəflər anlaşacaqmı? Aviaşirkət yerli turizm şirkətlərinə doğru addım atacaqmı, yəqin fevralın 14 və ya 15-də görəcəyik.