Türk Dövlətləri Təşkilatının Qazaxıstanla bağlı fövqəladə iclası keçirildi - Yenilənib

turk-dovletleri-teskilatinin-qazaxistanla-bagli-fovqelade-iclasi-kecirildi
Oxunma sayı: 2232

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair fövqəladə iclası başlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, videokonfrans formatında keçirilən iclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunur.

İclasa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sədrlik edir.

***

Mövlud Çavuşoğlu bildirib: “Böyük türk dünyası olaraq Qazaxıstanın yanındayıq”.

***

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov: “Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpa olunmasının tərəfdarıdır. İnanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyət normallaşacaq”.

“Qazax qardaşlarımızın yanında olmaq ortaq məsuliyyətimizdir”, - deyə Bayramov söyləyib.

Həmçinin, Bayramov Qazaxıstan xalqı və hökumətinin müdrikliyinə və bacarığına, ölkənin bu vəziyyətdən çıxacağına və sağlam düşüncənin qalib gələcəyinə inandıqlarını vurğulayıb. 

 

***

Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanla bağlı növbədənkənar iclası başa çatıb. İclasda tərəflər arasında fikir mübadiləsindən sonra bəyanat qəbul olunub. 

Bəyanatda beynəlxalq hüququn fundamental norma və prinsiplərinin dəstəklənməsinin vacibliyi vurğulanıb, Qazaxıstan rəhbərliyinin ölkədə konstitusiya quruluşunu pozmaq istəyən terrorçulara, radikallara, ekstremistlərə və cinayətkarlara qarşı həyata keçirdiyi antiterror əməliyyatları dəstəklənib.