Türk liseylərinin aqibəti- - Video

turk-liseylerinin-aqibeti-
Oxunma sayı: 2423


“Qafqazinfo” ANS TV-yə istinadən xəbər verir ki, Fətullah Gülənin lideri olduğu Gülən camatına məxsus özəl litseylərin Türkiyə Təhsil Nazirliyinin balansına keçirilidiklən sonra Azərbaycanda da eyni aqibəti yaşayan litseylərin gələcək perspektivi sual doğurur.

Türkiyə Təhsil Nazirliyinin şərtlərinə uyğun olaraq oradakı dərshanələr “Təməl lisey” adı altında fəaliyyətlərini davam etdirəcəklər.

Azərbaycanda isə hələ ki, ortalıqda qəti bir mövqe yoxdur. Övladlarının taleyi ilə maraqlanmaq üçün bura gələn valideynlərə də ayın 15-dən tez heç nə deyə bilməyəcəklərini deyirlər.

Əlbəttə ki, valideynlər bu məktəblərin həm də maddi texniki bazasını nəzərə alaraq uşaqlarının elə bu məktəblərdə qalmasını arzulayırlar. Əslində bu özü də sual doğuran ən ciddi məqamlardandır. Tutaq ki, uşaqları başqa məktəblərə paylaşdırdılar, bəs bu məktəbin binası necə olacaq? Çağ Öyrətimə məxsus əsas binanın üzərindən Bakı Özəl Türk Liseyi sözləri artıq çıxarılıb. Amma valideynlər hələ də uşaqlarını bu məktəblərdən çıxarmağa tələsmirlər. Onlar bu məktəbə alternativin olmadığını deyirlər.

Binanı mühafizə edən şəxs bildirdi ki, içəridə Təhsil Nazirliyindən bir nümayəndə var və o, sənədlərin təhvil-təslimi ilə məşğuldur. Amma bir saat ərzində övladının sənədini geri alan bircə valideyn də görmədik. Hamı nə isə gözləyir.

Valideyn Ülviyyə Qədimovanın sözlərinə görə, valideynlərin çoxu istəyir ki, Təhsil Nazirliyi öz himayəsinə götürsün, heç olmasa uşaqlar təhsilini davam etdirsinlər.

Təhsil Nazirliyi isə bu günə qədər özəl liseylərdən 245 şagirdin ölkənin orta məktəblərinə yerləşdirilməsini həyata keçirib. 

Xatırladaq ki, özəl türk liseylərində 3200 şagird təhsil alır. Müəllimlərin sayı isə 400-ə yaxındır. Yəni onların yerləşdirməsində elə bir ciddi əngəlin olacağı gözlənilmir.