Türk məşhurlar Gəncə terroruna biganə qalmadılar

turk-meshurlar-gence-terroruna-bigane-qalmadilar
Oxunma sayı: 8402

Türkiyənin məşhur simaları Ermənistan tərəfindən raket hücumuna məruz qalan Gəncə ilə bağlı paylaşım ediblər. 

“Qafqazinfo” xəbər verir ki, onlar sosial şəbəkələrdə status yazaraq Azərbaycanın yanında olduqlarını bildiriblər:

Müğənni Alişan:

“İllərdir “Erməni soyqrımı” deyə-deyə çığırdız. Dedik ki, bizim uşaq, qadın, yaşlı qətliamları ilə işimiz olmaz. Biz düşmənlərimizlə mərdcəsinə savaş meydanında döyüşürük. İl 2020-dir və Ermənistan müharibə qaydalarını pozur, mülki şəxsləri bombalayır, uşaqları, qadınları öldürür. Dünya isə kiçik qınamalarla məsələni yola verir. Bunu etməyənlər də var! Qısaca, Ermənistan özünə yaraşanı etməyə davam edir. Bu səbəbdən biz bir olmalıyıq. İnşallah zəfər Azərbaycan Ordusunun olacaq”.

Müğənni-bəstəkar Mustafa Ceceli:

“Bir ovuc təlxək sonunu hazırlayır və bütün dünya bunu səssizcə izləyir. Uşaq qatillərinin axıtdığı qan yerdə qalmayacaq”. 

Müğənni Demet Akalın:

“Günah işlədilir. Eyni şeyi biz etsəydik, bütün dünya ayağa qalxardı. Bizim qoca, uşaq, qadınlarla işimiz olmaz”. 

Müğənni Ebru Gündeş:

“Canımız Azərbaycanda məsum insanları hədəf alaraq edilən xain hücumu şiddətlə qınayır, həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyirik. Hər zaman yanınızdayıq. Dualarımız sizinlədir”.

Aktrisa Demet Özdemir:

“Azərbaycan! Çox kədərliyəm”.

Müğənni Murad Boz:

“Azərbaycanın Gəncə şəhərinə edilən xain hücum səbəbilə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, sevənlərinə səbr diləyirəm. Dualarımız sizinlədir”. 

Müğənni-aktyor Mahsun Kırmızıgül:

“Gəncə və Mingəçevir şəhərlərinə, mülki şəxslərə, məsum uşaqlara gecə yatarkən raket atan Ermənistanın ağlını itirən iqtidarı insanlıq üçün böyük günah işləyir. Ölənlərə rəhmət, yaralılara şəfa diləyirəm”.

Müğənni Hadisə:

“Azərbaycana qarşı təşkil olunan xain hücumda həlak olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

Müğənni Sərdar Ortaç isə instaqramda profil fotosunu “Pray For Ganja” yazıb, Azərbaycana dair videolar paylaşaraq ölkəmizə dəstək olub.  Eyni zamanda, Gülbən Ərgən, Yonca Evcimik, Kənan İmirzalıoğlu da Azərbaycan barədə paylaşımlar ediblər, yaralılara şəfa diləyiblər.