Türkdilli dövlətlər arasında gömrük məsələləri müzakirə olundu

turkdilli-dovletler-arasinda-gomruk-meseleleri-muzakire-olundu
Oxunma sayı: 1064

Bu gün Dövlət Gömrük Komitəsində Türk Dünyası Əməkdaşlıq Şurasının (TDƏŞ) təşkilatçılığı ilə Türkiyə və Özbəkistan respublikalarının nümayəndə heyətləri ilə görüş keçirilib.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti strukturlarının rəhbərləri, TDƏŞ Baş Katibinin müavinləri Qismət Gözəlov, Mirvohid Azimov, Özbəkistan Nəqliyyat nazirinin müavini Abdusamat Muminov, bu ölkənin gömrük və nəqliyyat qurumlarının nümayəndələri, Türkiyə Beynəlxalq Daşıyıcılar Assosiasiyasının direktorlar heyətinin rəhbəri Alper Özel iştirak ediblər.

Cavad Qasımov TDƏŞ çərçivəsində əməkdaşlıqdan məmnunluqla bəhs edib və bu əməkdaşlığın gömrük sahəsində də uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Cavad Qasımov bir sıra ölkələrlə sözügedən sahədə razılaşmaların əldə olunduğunu və bunun da gömrük risklərinin səmərəli şəkildə idarə olunması ilə yanaşı, gömrük prosedurlarının sadələşdirilməsinə, sərhədkeçmə proseslərinin sürələndirilməsinə münbit şərait yaratdığını bildirib.

Daha sonra TDƏŞ Baş Katibinin müavinləri Qismət Gözəlov, Mirvohid Azimov, Özbəkistan Nəqliyyat nazirinin müavini Abdusamat Muminov və digər şəxslər çıxış edərək türkdilli dövlətlər arasında gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi, tranzit daşımalarının artırılması, məlumat mübadiləsinin gücləndirilməsi ilə bağlı fikirlərini bildirib, Azərbaycan gömrüyünün rəqəmsallaşma, informasiya texnologiyalarının və “bir pəncərə” prinsipinin tətbiqi istiqamətindəki təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıblar.