Türkiyə Avropa Parlamentinin hesabatını rədd etdi

turkiye-avropa-parlamentinin-hesabatini-redd-etdi
Oxunma sayı: 1824

Rəsmi Ankara Avropa Parlamentinin Türkiyə üzrə hesabatını rədd edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələrin Aİ-yə üzvlük perspektivi əsasında müsbət bir gündəm çərçivəsində yenidən canlandırılması istiqamətində fəaliyyət aparıldığı bir dönəmdə təktərəfli və obyektivlikdən uzaq tövsiyə qərarının qəbul edilməsi mümkün deyil.

“İnsan hüquqları, hüququn üstünlüyü, idarəetmə quruluşumuz və siyasi partiyalarla əlaqədar həqiqətdən uzaq iddialar ehtiva edən, ölkəmizin təsirli, həllyönümlü, humanitar və təşəbbüskar xarici siyasətini təhdid olaraq görən, Egey, Şərqi Aralıq dənizi və Kipr məsələlərində tamamilə haqsız, tərəfkeş yunan və Rum tezislərini əks etdirən, 1915-ci il hadisələri ilə əlaqədar təktərəfli, əsassız erməni iddialarına söykənən qərəzli mətni rədd edirik”, - bəyanatda deyilir.

Bildirilib ki, sənəddə Türkiyənin Aİ-yə üzvlüyü məsələsinin gələcəyi ilə bağlı ifadələr öz prinsiplərinə qarşı çıxmaqdır:

“Aİ üzvlüyü Türkiyə üçün strateji bir hədəfdir və bütün Avropa və başqaları üçün bir qazanc olacaq. Ölkəmiz bu hədəfə doğru çalışmalarını qərarlılıqla davam etdirəcək”.