“Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti toplantısı baş tutub”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İdarə Heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Toplantı İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin inzibati binasında keçirilib.
İclasın işində Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Şimali Kipr Türk Cumhuriyyəti, Makedoniya, Livan, Özbəkistan və Türkiyədən olan İdarə Heyətinin üzvləri iştirak ediblər.
Sədr bildirib ki, toplantıda TDBB-nin 2024-cü ilin birinci yarısında həyata keçirilən layihələr barəsində məlumat verilib, həmçinin 2024-cü ilin ikinci yarısında keçirilməsi nəzərdə tutulan proqramlar müzakirə edilib.
İdarə Heyətinin iclasında diqqəti çəkən əsas məqam Şimali Kipr Türk Cumhuriyyəti ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə əməkdaşlıq əlaqələrinin qurulması məsələsinin müzakirə edilməsi olub.
Bundan başqa, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə 30 türkiyəli gəncin Şamaxıda keçiriləcək festivalda iştirakı, İstanbulun Sultanbəyli bələdiyyəsi ilə Türkmənistanın Aşqabad bələdiyyəsi ilə qardaşlaşma məsələsi müzakirə edilən məsələlər sırasında olub.
Tədbirin sonunda müvafiq qərarlar qəbul edilib, habelə Özbəkistandan olan bir sıra bələdiyyələrin TDBB-yə üzv kimi qəbul edilməsi təsdiqlənib.
Tədbirdə TDBB-də ölkəmizi təmsil edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev müzakirə edilən mövzular ətrafında çıxış edərək ŞKTC ilə əlaqələrin qurulmasının əhəmiyyətinə toxunaraq yaxın müddət ərzində qarşılıqlı əməkdaşlığa başlanılacağını qeyd edib. Sədr Türkiyə-Azərbaycan dostluğunun əsrlər boyu yaşayacağını, tarixi köklərlə bir-birinə bağlı olan Türkiyə və Azərbaycan münasibətlərinin qardaşlıq prinsipləri əsasında qurulduğunu bildirib.
Təmraz Tağıyev, həmçinin bundan sonra da Azərbaycan bələdiyyələrinin TDBB-nin işində yaxından iştirak etməklə öz töhfəsini verməyə hazır olduğunu qeyd edib.
İclasda İdarə Heyətinin digər üzvləri də çıxış edərək öz fikirlərini və mülahizələri bölüşüblər.

Son xəbərlər
Son Xəbərlər