Araşdırmaçı –jurnalist, hazırda Türkiyədə fəaliyyət göstərən Erməni Araşdırmaları Mərkəzi rəhbəri Qafar Çaxmaqlı məsələylə bağlı “Qafqazinfo”ya şərh verib.
“Bu çox qərəzli bir qərardır, ədalətsiz qərar hesab olunmalıdır. Türkiyə tərəfindən qəbul edilməzdir. Tələb olunan pulun ödənilməsi icraya yönəldilə bilməz. İndiyədək heç bir ölkənin başqa bir ölkəyə qaldırdığı bu sayaq iddia olmayıb və təmin də edilməyib. Bu Türkiyənin AB-nə üzv edilməməsinin qarşısını almaq üçün atılan addım, onu bu birliyə girmək fikrindən uzaqlaşdırmaq məqsədini güdür. Avropa İnsan Haqları Məhkəməsi bir ilkə imza ataraq Türkiyəni 90 milyon avro cərimə etmə sensasiyası Türkiyədə də qəzəblə qarşılanıb. Mənimlə söhbət edənlərin hamısı dəhşətə gəlirlər. Bu daha ikili standart deyil, tamamən başqa bir şeydir. Türkiyədəki hüquqşünas dostlar deyirlər ki, 1974-cü ildə Türkiyə tərəfindən həyata keçirilən barış hərəkatına görə yunan Kiprinin verdiyi şikayətin özü qanunsuzdur. Əgər belə bir iş qəbul ediləcəkdisə, bu hərəkat zamanı hər iki tərəfə dəyən bütün zərərlər hesablanmalı idi. Deyilir ki, cərimə edilən 90 milyonun bir hissəsi (30 milyon) hərəkat zamanı itkin düşmüşlərin ailələrinə paylanılacaq, digər hissəsi isə Şimali Kiprdə qalmış mülklərinin dəyəri olaraq buranı tərk edən ailələrə veriləcək. Məgər türklərin yunanlar yaşayan hissəsində heç nəyi qalmayıb ki?” Bu qərardan “fürsət”kimi Azərbaycanın nə dərəcədə yararlana biləcəyi imkanlarından danışan Qafar Çaxmaqlı deyib ki, Azərbaycanın itirdiyi 20 faiz torpaqlar, minlərlə insanın itgin düşməsi, əsir götürülməsi, soydaşlarımızın bu ərazilərdə qalan mal- mülk məsələsi bir neçə dəfə Avropa qurumlarının gündəminə gəlib. Daha doğrusu, Avropanın mötəbər tribunalardan səsləndirilib. Amma heç diqqətə alınmayıb. Və biz qolumuzu yanımıza salıb zərərlərimizi hesablayıb bir qovluğa yığmışıq... Bu zərərlərin hesablanması üçün büdcədən milyonlarla pul ayırmışıq. Səhv etmirəmsə, keçən il hətta belə bir qiymətləndirmə qurumu da yaradıldı, ona yaxşı da pul ayrıldı. Amma deyəsən, iş səriştəli adamlara tapşırılmayıb. Çünki ortada bir şey yoxdur və bu məsələ də deyəsən bəzilərinin özlərinə “ kantor” yaratmasına xərclənəcək. Bizə özünü vətənpərvər göstərmək deyil, praktik iş görən adamlar lazımdır. Televiziyalarda “Avropanın anasını ağlatmağa ” nə var ki... Məncə, bu işlərin yürüməməsində günahı bir az da özümüzdə axtarmalıyıq. Erməni işğalının vurduğu yaraları hələ də hüquqi müstəviyə keçirə bilməmişiksə, bunun günahkarı təkcə “gavurlar” deyil. Ona görə də nəticə ala bilmirik ki, bu işə ciddi yanaşmırıq”.
Sonda tədqiqatçının fikrincə, Türkiyənin 1974- ci ildə olan hadisəyə görə məhkum edilməsi bizi nəhayət tərpətməlidir...
“Bəlkə doğrudan da, Ermənistanı bu məsələdə diz çökdürmək olar...”
Qeyd edək ki, Q. Çaxmaqlının bu fikirləri Türkiyənin nüfuzlu qəzetlərində də əksini tapıb.
Raminə