Türkiyə dönər bıçaqları ilə küçəyə axışan suriyalıları deportasiya edir

turkiye-doner-bicaqlari-ile-kuceye-axisan-suriyalilari-deportasiya-edir
Oxunma sayı: 3404

Türkiyənin Adana vilayətində özlərini “515 Haşimi” olaraq tanıdan qəbilə qrupları arasındakı anlaşılmazlıq səbəbindən dönər bıçaqları və dəyənəklərlə küçəyə çıxan suriyalılardan kimliyi müəyyənləşdirilən 20 nəfər saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlar deportasiya edilmək üçün vilayət Köç İdarəsinə aparılıb.

Bildirilib ki, Seyhan rayonunun 19 May küçəsində suriyalı bir qrupun dönər bıçaqları və dəyənəklərlə küçəyə axışdığını əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.

Görüntülərin yayılmasından sonra onlar barəsində istintaq başladılıb və 20 nəfərin kimliyini müəyyənləşdirmək mümkün olub.

Şübhəlilərin Suriyada ərəb millətçiliyini müdafiə edən beş fərqli qəbilənin nümayəndələri olduğu, özlərini “515 Haşimi” olaraq tanıdan qrupda yer aldığı, aralarında uzun müddətdir fikir ayrılığı olduğu müəyyən edilib.

Onlar deportasiya olunmaları üçün Köç İdarəsinə təslim edilib.