Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundu keçirilir.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
Görüş yerli vaxtla saat 11:00-da başlayıb və iki mərhələdə baş tutacaq: sərhədin Ermənistan tərəfində, sonra Türkiyə tərəfində.
***
Görüşdən əvvəl S. Kılıç və R. Rubinyan təmir edilmiş “Marqara” nəzarət-buraxılış məntəqəsini gəziblər.
***
Xüsusi nümayəndələrin görüşü hazırda sərhədin Türkiyə tərəfində keçirilir.
***
Görüş başa çatıb.
Türkiyə üzrə xüsusi nümayəndə Serdar Kılıç öz “X” hesabında görüşü şərh edib: “Türkiyə ilə Ermənistanın sərhəd bölgəsində səhər Ermənistan tərəfində, günorta Türkiyə tərəfində görüşlərin beşinci raundunu keçirdik. Biz konstruktiv şəkildə normallaşma prosesinin bütün aspektlərini və gələcək irəliləyiş imkanlarını müzakirə etdik”.
***
Ermənistan Xarici İşlər Nazirliyi görüşlə bağlı açıqlama yayıb.
Bildirilib ki, Marqara-Əlican keçid məntəqəsində keçirilən görüşdən sonra tərəflər Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.
“Xüsusi nümayəndələr son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər”, - məlumatda vurğulanıb.
Xatırladaq ki, danışıqların əvvəlki raundu iki il əvvəl - 2022-ci il iyulun 1-də Vyanada baş tutub.