Türkiyə ilə gömrük əlaqələri müzakirə olundu

turkiye-ile-gomruk-elaqeleri-muzakire-olundu
Oxunma sayı: 1469

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

DGK-dən “Qafqazinfo”ya verilən məlumata görə, səfiri yeni təyinatı münasibətilə təbrik edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ona fəaliyyətində uğurlar arzulayıb.

Komitə sədri Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, hər iki ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına bu əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdırıb.

Səfər Mehdiyev iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə təcrübə mübadiləsinin ümumi işə faydasından və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərindən bəhs edib.

Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı görüşə görə təşəkkürünü bildirib, Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbriklərini çatdırıb.

Səfir Azərbaycanda fəaliyyəti dönəmində əlaqələrimizin bütün sahələrdə inkişafına, o cümlədən gömrük işinə töhfə vermək üçün səy göstərəcəyini bildirib, iki ölkə arasındakı münasibətlərdə gömrük orqanlarının da mühüm rol oynadığını vurğulayıb.